"Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi

"Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi

İtaliyanın "Milan" klubunun əfsanəvi kapitanı Franko Barezi 66 yaşında vəfat edib.

Apasport.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubun açıqlamasında əfsanəvi müdafiəçinin ölümünün böyük itki olduğu vurğulanıb:

"Milan"ın tarixi göz yaşı tökür. Franko Barezinin aramızdan ayrılması bizi dərin kədərə qərq edib. Onun örnək duruşu və klubumuza təsiri, əfsanəvi 6 nömrəsi kimi, "Milan"ın DNT-sinin ayrılmaz hissəsi olaraq əbədi yaşayacaq. Franko Barezinin ailəsinə dərin hüznlə başsağlığı veririk. Bu acını hər bir "rossoneri" azarkeşi bölüşür".

Bildirilir ki, Barezi 2025-ci ilin avqustunda ağciyərində aşkarlanan düyün səbəbindən əməliyyat olunmuşdu. O, son dövrlər davam edən sağlamlıq problemləri ilə mübarizə aparırdı.

Qeyd edək ki, Franko Barezi "Milan"ın heyətində 20 mövsüm ərzində 716 rəsmi oyuna çıxıb və klub tarixinin ən böyük simalarından biri kimi yadda qalıb. Onun geyindiyi 6 nömrəli forma klub tərəfindən əbədiləşdirilib. Barezi karyerası ərzində 6 dəfə İtaliya A Seriyasının, 3 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə Qitələrarası Kubokun qalibi olub. O, İtaliya millisində 81 oyun keçirib, 1982-ci il dünya çempionu olan heyətdə yer alıb, 1994-cü il dünya çempionatında isə komandanın kapitanı kimi finala çıxıb.