Yuxusuz gecələr başlayır: Dünya çempionatında kim favoritdir?
Xatırlayıram, futbol üzrə Dünya çempionatını ilk dəfə 2010-cu ildə atamın televizoru təsadüfən açması nəticəsində izləmişəm. Həmin günlər bu idman növünü yenicə sevməyə başlamış, topu ayağına alan hər futbolçunun yerində özümü təsəvvür etdiyim dövr idi. Atam futbolu mənim qədər sevməzdi. Boş vaxtlarında, baxmağa başqa bir şey tapmayanda futbol kanalında dayanıb oyuna göz gəzdirərdi.
Günlərin birində yenə belə bir an yaşandı. Atam televizorda baxacaq nəsə axtarırdı, lakin axtardığı filmi heç cür tapa bilmirdi. Bu zaman qarşımıza Niderland – Danimarka matçı çıxdı. Atam futbolu çox sevməsə də, Niderland millisinə xüsusi rəğbəti var idi. Onun sakitcə “Hollandlar oynayır, buna baxmaq olar” deməsi hələ də yadımdadır. “Narıncılar” həmin oyunda 2:0 hesabı ilə qalib gəldilər. O görüşdən sonra bir daha atamla birlikdə oyun izləməyə şansım olmasa da, Dünya çempionatı mənim üçün hər zaman xüsusi yer tutub. Necə ki, dünyanın dörd bir yanındakı futbolsevərlər üçün də bu turnir eyni dərəcədə önəmlidir.
Lakin budəfəki mundialda bir məsələ var ki, bu, bütün Azərbaycan futbolsevərlərini ciddi şəkildə narahat edir. Futbol matçlarının ən gec gecə saat 1-2 aralığında başa çatmasına öyrəşmiş bir xalq üçün bu il keçiriləcək mundialın oyun saatlarının bizi yuxuya “həsrət qoyacağı” artıq bəllidir. 2010-cu ildə günəşin alov saçdığı yay günlərində evdə rahat şəkildə Dünya çempionatını izlədiyimiz vaxtlardan fərqli olaraq, bu dəfə bizi yuxusuz gecələr və səhərlər gözləyir. Ən tez başlayacaq oyunun saat 20:00-da, ən gec start götürəcək qarşılaşmanın isə saat 07:00-da olması artıq iş yerimizdə də geniş müzakirə mövzusuna çevrilib. Hətta bizi çıxılmaz bir döngənin içərisinə saldı desək, yanılmarıq. Hərə bir ağızdan “Oyunun nəticələrini gecə, səhər necə verəcəyik?” dediyi bir vaxtda baş redaktorumuzun fədakarca dediyi “Yatmaram, mən verərəm” cümləsi ürəyimizə su səpdi. Day oyunlara siz necə baxacaqsınız, orasını mən də bilmirəm.
Xülasə...
Bugünkü söhbətimiz ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi futbol üzrə Dünya çempionatından gedəcək. Hər bir futbol azarkeşi artıq beynində öz favorit yığmasını müəyyənləşdirib. Biz də futbol tarixində iz qoymuş, adı çəkilən kimi bu idman növünü xatırladan ölkələrin turnirdəki qalibiyyət şanslarını dəyərləndirmək istədik.
Təbii ki, nə olur-olsun, söhbət futboldan və ən əsası Dünya çempionatından gedirsə, Braziliyadan başlamalıyıq. Tarixində ilk dəfə yığmanın baş məşqçi postuna əcnəbi mütəxəssis – italiyalı Karlo Ançelottini gətirən “sambaçılar” hər mundialda olduğu kimi, bu turnirin də əsas favoritlərindən biri hesab olunur. Heyətində Kazemiro (“Mançester Yunayted”), Neymar (“Santos”), Endrik (“Lion”), Markinyos (PSJ), Alisson Beker (“Liverpul”), Rafinya (“Barselona”) və Vinisius Junior (“Real Madrid”) kimi dünya səviyyəli futbolçuların yer aldığı millinin C qrupundakı rəqibləri Mərakeş, Haiti və Şotlandiyadır.
Dörd komanda arasında ciddi sürpriz yaşanmasa, ilk iki pilləni Braziliya və Mərakeşin tutacağını söyləmək olar. Lakin Endryu Robertson və Skott Maktominey kimi futbolçulara sahib Şotlandiya millisinin də hər iki komandaya problem yaratmaq potensialı var. Təbii ki, hamımızın ilboyu maraqla gözlədiyi Neymarın milli komandaya seçilməsi və dünya çempionatının onun üçün sonuncu olacağı hər birimizə aydındır. “Sambaçılar” məhz yığma tarixində Peleni belə geridə qoyaraq ən çox qol vurmuş futbolçu olan Neymar (79 qol) üçün əllərindən gələni edəcəklər.
Gələk son dünya çempionu Argentinaya. Lionel Messi kimi dünya futbolunda milyonlarla insanı valeh edən, bir çoxlarına bu idman növünü sevdirən “yadplanetli”nin liderlik etdiyi komanda kubok sayını 4-ə yüksəltmək niyyətindədir. Nikolas Otamendi, Enzo Fernandes, Rodriqo De Paul və Xulian Alvares kimi futbolçuların çıxış etdiyi Argentina J qrupunda yer alıb. Cənubi Amerika təmsilçisinin bu mərhələdəki rəqibləri Avstriya, Əlcəzair və İordaniyadır.
Messinin komandasının qrup mərhələsində çətinliklə üzləşəcəyini düşünmək çətindir. Yığma son beş oyununda beş qələbə qazanıb. Argentina bu matçlarda rəqib qapılarından 16 top keçirib, cəmi 1 qol buraxıb. Bu statistika da komandanın mundiala hansı səviyyədə hazırlaşdığını bir daha göstərir.
Keçək mənim də rəğbət bəslədiyim Niderland millisinə. F qrupunda yer alan komanda Yaponiya, Tunis və İsveçlə qarşılaşacaq. Hər mundialda adından söz etdirməyi bacarsa da, kuboku başı üzərinə qaldıra bilməyən “narıncılar” bu dəfə Ronald Kumanın rəhbərliyi altında istədiyi nəticəni qazanmağı hədəfləyir. Milli qrup mərhələsini lider başa vuracağı təqdirdə, qarşısında C qrupunda mundialı ən çox qazanan Braziliya və son illərdə adından söz etdirən Mərakeş yığmalarından biri olacaq.
Zinədin Zidan, Mişel Platini, Tyerri Anri, Didye Deşam kimi əfsanəvi futbolçular yetişdirən Fransa millisi illər keçsə də yenə ulduz istehsalına davam edir. Onlar bir çoxlarına görə mundialın açıq-aşkar favoritidir. Kilian Mbappenin bu mövsümkü çıxışı hər nə qədər “kral klubu” azarkeşlərini sevindirməsə də, hər kəs 27 yaşlı fransalı hücumçunun yığma komandada həddindən artıq istəkli olduğunu bilir. 2022-ci ildə Qətərdə baş tutan DÇ-nin finalı buna misal çəkiləcək hadisələrdən biridir. Komandanın yekun heyəti isə sadəcə fantastikadır. “Bavariya”da Luis Diasla birgə Frank Riberi – Aryen Robben tandemini xatırladan Maykl Olise hazırda bəlkə də dünyanın ən yaxşısıdır. Pep Quardiolanın “Mançester Siti”sini yenidən ayağa qaldıran Rayan Çerkinin, son iki mövsümdür Luis Enrikenin sistemində qazanıla biləcək hər şeyi əldə edən Usman Dembele, Dezire Due və Barkolanın heyətdə yer alması baş məşqçi Didye Deşamın işini xeyli asanlaşdıracaq. Əvəzində I qrupunda “xoruzlar”la birgə yer alan İraq, Norveç və Seneqalın işini bir o qədər çətinləşdirəcək.
Favorit demişkən, şübhəsiz, fransızlarla bu tərəzidə eyni çəkidə ola biləcək bəlkə də yeganə komanda İspaniya yığmasıdır. Əlbəttə, “qırmızı-sarılar”ı bu siyahıya əlavə etməsək, özümüzü günahkar hiss edərdik. Aktivində bir dünya çempionluğu olan komanda Lamin Yamal, Pedri, Qavi və Niko Uilyams kimi yeni nəsil ulduzlarla okeanın o biri tayına yollanacaq. Son Avropa çempionatının qalibi olan milli 2010-cu ildəki kimi, bu mundialda da qızıl medallara göz dikib. H qrupunda mübarizə aparacaq İspaniyanın rəqibləri isə Səudiyyə Ərəbistanı, Uruqvay və Kabo-Verde olacaq.
Son olaraq, qardaş ölkə Türkiyəni də bu siyahıya əlavə edə biləcəyimizi düşünürəm. Buna səbəb komandanın oyunçu heyətində Avropanın “Top-5” liqalarında davamlı çıxış edən və sabit performansları ilə seçilən futbolçuların yer almasıdır. Buna ən bariz nümunə isə “Real Madrid”də Cud Bellinqem, Eduardo Kamavinqa və Orelyen Çuameni kimi ulduzları ehtiyat oyunçular skamyasında əyləşməyə məcbur edən Arda Gülərdir. 21 yaşlı yarımmüdafiəçinin bu mövsüm göstərdiyi performans uğursuzluqlarla üzləşən “Real Madrid”i ayaqda saxlayan əsas amillərdən biri oldu.
İtaliya A Seriyasında isə “Yuventus” kimi tarixə malik komandada 10 nömrəli formanı əyninə keçirən və 21 yaşda kapitanlıq sarğısı əmanət edilən Kenan Yıldız da “qırmızı-ağlar”ın heyətində yerini alır. Bundan başqa, Ferdi Kadıoğlu, Hakan Çalhanoğlu, Uğurcan Çakır və Can Uzun kimi adlar da diqqət çəkir. D qrupunda yer alan millinin işi ilk 2 yer üçün, məncə, o qədər də çətin görünmür. Komanda ev sahiblərindən biri olan ABŞ, Avstraliya və Paraqvayla mübarizə aparacaq.
2002-ci ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanan Türkiyə millisi həmin ildə əldə etdiyi bürünc medalı Vinçenzo Montellanın rəhbərliyi altında bu dəfə daha yüksək nəticə ilə əvəz etməyi hədəfləyir.
Nə qədər favoritləri saysaq da, bir həqiqəti unutmamalıyıq: bu, Dünya çempionatıdır. Burada xəyal edilənlər fərqli, yaşanılanlar isə tamam fərqli olur.
İstənilən halda, bizi yenə futbolun ən böyük səhnəsi, milyonlarla insanı eyni həyəcanda birləşdirən Dünya çempionatı gözləyir. Favoritlərin gücü, ulduzların parıltısı və sürpriz ehtimalları bir kənara, mundialın əsas gözəlliyi də elə budur: 90 dəqiqə ərzində hər şey baş verə bilər. Bizə isə yalnız yuxusuz gecələrə hazırlaşıb bu böyük futbol bayramından zövq almaq qalır.

https://qelebe.az//uploads/photo/yuxusuz-geceler-bashlayir-dunya-chempionatinda-kim-favoritdir.webp