Eren Aydın: “Qarabağ", "Sabah" - KİM GƏLİRSƏ GƏLSİN
Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Zirə” iki oyunun nəticəsinə görə “Turan Tovuz” (2:0, 0:0) səddini keçməyi bacarıb.
Cavab matçından sonra “qartallar”ın hücumçusu Eren Aydın Apasport.az saytına müsahibə verib.
- Gərgin keçən matçda sevinən tərəf siz oldunuz. Oyunla bağlı düşüncələrin necədir?
- Çox çətin matç olacağını bilirdik. "Turan Tovuz" yaxşı komandadır. Hücum xəttində olan güclərini bilirik. Bu gün layiqli mübarizə apardıq. İlk oyundakı qələbədən sonra ev matçına avantajlı çıxmışdıq. Bunu qorumağı bacardıq. İkinci hissənin son 15 dəqiqəsində əks-hücumları dəyərləndirə bilsək, hesab fərqli olacaqdı. Əsas odur ki, finaldayıq və bunun üçün xoşbəxtik.
- Matçın sonluğunda üstünlük “Turan Tovuz”da idi. Bunu hesabla, yoxsa yorğunluqla əlaqələndirərdin?
- İlk oyunda qazandığımız nəticəni qorumaq istədik. Əsas da qol buraxmamalı idik. Rəqib elə komandadır ki, iki dəqiqədən sonra daha bir qol vura bilərdi. Əlimizdən gələni etdik, konsentrasiyanı itirmədik.
- “Zirə” son 5 mövsümdə 3-cü dəfədir ki, finala yüksəlir. Necə düşünürsən, bu dəfə alınacaq?
- Bakıya gəlmədən öncə "Zirə"nin oynadığı son finaldan məlumatlı idim. Hazırda özümüzə inanırıq. Futbol komanda oyunudur. Kim günündə olsa, kuboku o qazanacaq. Final matçlarının sığortası yoxdur. Digər mərhələlər kimi deyil, bir oyundan ibarətdir. "Real Madrid" kimi komandanın da finalda uduzduğu olub.
- Seçim şansın olsa, rəqib kimi “Qarabağ”ı seçərdin, yoxsa “Sabah”ı?
- İki komanda da çox yaxşıdır. Liqada "Sabah" "Qarabağ"dan üstündür. Lakin "Qarabağ" finallarda təcrübəlidir. Yəqin ki, onların hər ikisi bizə qarşı favorit görünür. Kim gəlir gəlsin, əlimizdən gələni edəcəyik.
- Qısa müddətdə komandaya adaptasiya olmağı bacardın. Belə sürətli uyğunlaşmanı nə ilə əlaqələndirərdin?
- Burada gənc və türk olmağımın təsiri böyükdür. Hamı ilə rahat danışa bilirəm. Ünsiyyət problemim yoxdur. Bütün matçlarda meydan çıxmaq istəyirəm. Bu günə qədər hansısa bir problem yaşamamışam. Növbəti həftələrdə də avrokuboklar yolunda komandam üçün bacardığımı edəcəm.

https://qelebe.az//uploads/photo/eren-aydin-qarabagquot-quotsabahquot-kim-gelirse-gelsin.webp