Robbi Kin: “Axmaq qollar buraxdıq”

Robbi Kin: “Axmaq qollar buraxdıq”

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" "Ferentsvaroş"la qarşılaşıb - 2:3.

Apasport.az xəbər verir ki, görüşdən sonra Macarıstan təmsilçisi Robbi Kinin mətbuat konfransı keçirilib.

- İlk oyundan sonra Bakıdakı oyun haqda iddialı danışmışdılar. Lakin mərhələni keçə bilmədiniz. Maraqlıdır, bu cür danışmaq sizin stilinizdir, yoxsa Bakıda qalib gələcəyinizə inanırdınız?
- Xatırlamıram ki, udacam demişəm. Dedim ki, qalib gələcəyimizə inanıram. Aralarında fərq var. Qalib gələcəyimizi desəydim, bu, qürurlu olardı. "Qarabağ" güclü komandadır, bilirdim ki, çətin olacaq. Amma futbolçularına inanırdım. Biz bir qolla uduzduq. Çox çətin oyun oldu. "Qarabağ"ı təbrik edirəm. Biz yaxşı komandaya qarşı uduzduq. Yaxşı imkanlarımız oldu. Hədəfə doğru irəliləyirdik. Amma təəssüf ki, istədiyimiz kimi alınmadı.

- Özünüzü necə hiss edirsiz?
- Başa düşürük ki, yaxşı vəziyyət deyil. Uduzmağı sevmirəm. Baş məşqçi olaraq uduzmaq bizim üçün ağırdır. Emosiyalarım normaldır. Bir oyun bitdi. Oyunçular hər şeyi etdilər. Həvəsli idilər. Mübarizə aparmaq lazımdır, qalib gəlmək lazımdır. Bəzi hallarda uduzursan, bəzən qalib gəlirsən. İdmandır. Eyni zamanda, biz çox axmaq qollar buraxdıq. Onları analiz edəcəyik. Rəqibə hədiyyələr də verdik.

- Bu uğursuzluğa görə, Kadinin əlinizdən çıxmasına görə təəssüfləndiz?
- Kadi yaxşı oyunçudur, yaxşı pressinq edir. Onunla çox vaxt keçirməmişəm. Bəlkə də 2 həftə birlikdə olduq. Bizim də yaxşı oyunçularımız var. Aleks Tot xəstələnmişdi. Kadi də yaxşı futbolçudur, yaxşı insandır. Ona uğurlar arzulayıram.

- Hər qol vuranda rəqibə qarşı emosional, xoşagəlməz hərəkətlər edirdiniz. Düşünmürdünüz ki, rəqibi qıcıqlandırırdız? 
- Ciddi soruşuram, nəyə görə belə soruşursuz? Əlbəttə, emosional olmalıyam. Siz qol vuranda qeyd edirdiz də, hər kəs skamyadan çıxırdı. Sizin baş məşqçiniz qolları qeyd etmirdi? Baş məşqçi robot olmalıdır? Emosiyalarımız olacaq. Penalti də oldu. O qədər emosional reaksiya vermədim. Ondan sonra dedim ki, davam edin. Bu cür suallarda ehtiyatlı olmaq lazımdır.