İdman əngəl tanımır: Parabadmintonda ilk medal və ya əzmkarlığın qələbəsi
Bu ilin sentyabrında Uqandanın paytaxtı Kampalada keçirilən “Uganda Para Badminton International 2022” turnirində 3-cü yeri tutan İbrahim Əliyev Azərbaycan parabadmintonunda yeni səhifə açıb.
“QELEBE.AZ”un məlumatına görə, o, qatıldığı ikinci yarışda fəxri kürsüyə qalxmaqla, ölkəyə bu idman növü üzrə beynəlxalq turnirlərdə ilk medalı qazandıran idmançı kimi tarixə düşüb.
Uzaq Afrika ölkəsində əldə edilən uğur olduqca dəyərlidir. Bu, təkcə hansısa idmançının beynəlxalq yarışda fərqlənməsi deyil, eyni zamanda, fiziki məhdudiyyətli bir şəxsin onun inkişafına və cəmiyyətə inteqrasiyasına mane olan bütün əngəlləri sağlam yolla aşması deməkdir.
Uğurlu yolun başlanğıcı
İbrahim bu yerə böyük çətinliklərlə gəlib çıxıb. Sol qolunda anadangəlmə sinir problemi olan idmançı parabadmintonla 6-7 ildir məşğul olur. O, idmanın bu növünə əvvəllər təhsil aldığı məktəbdə həvəskar kimi başlasa da, sonradan peşəkar səviyyəyə keçmək qərarına gəlib. Hələlik Azərbaycanın yeganə parabadmintonçusu olan Əliyev həm fərdi qaydada, həm də milli komanda ilə birlikdə məşq edir.

Bir çox fiziki məhdudiyyətli insan kimi Əliyev də həyata, elə idman dili ilə desək, 0:1 hesabı ilə geridə başlayıb. Sonradan özündə güc tapan İbrahim çıxış yolunu məhz idmanda görüb. Onun sözlərinə görə, həyatda mümkünsüz heç nə yoxdur və hər şey insanın özündən asılıdır: “Fiziki qüsurlu olmağını dərd etməməlisən. Mən də əvvəllər buna görə pis olurdum. Cəmiyyət üçün lazımsız olduğumu düşünürdüm. Amma idmana, daha dəqiq desək, badmintona başlayandan sonra həyatım dəyişdi. Odur ki, ilk addım çox önəmlidir. Bundan sonra hər şey yavaş-yavaş öz axarına düşür və sən artıq müəyyən şeylərin alındığını görürsən. Nəinki fiziki məhdudiyyətli şəxslərə, sağlam adamlara da idmanla məşğul olmağı məsləhət görürəm. Bu, ən ümidsiz insana belə, özünü cəmiyyətə lazımlı hiss etdirən faydalı vasitədir”.
“Bürünc”lə cücərən böyük arzular
Parabadmintonda Azərbaycana ilk medalı qazandırdığı üçün qürur hissi keçirən Əliyev yarışdan öncə fəxri kürsüyə qalxacağını gözləmirmiş. Amma qrupdan 1-ci yerlə çıxdıqdan sonra özündə əminlik yaranıb və uğur qazanacağıma inamı artıb. Bu, İbrahimin ilk ciddi uğuru olsa da, o, qarşısına böyük məqsədlər qoyub. Ən əsas hədəfi isə 2024-cü ildə Parisda keçiriləcək Yay Paralimpiya Oyunlarında iştirak etməkdir: “Bunun üçün reytinq xalları yığmaq, dünya sıralamasında ən azı 4 və ya 5-ci sıraya yüksəlmək laızmdır. Cəmi 2 yarışda iştirak etsəm də, hazırda 25-ci pillədəyəm. Üçüncü yeri tutduğum sonuncu turnirdə 4400 reytinq xalı qazandım. Növbəti belə yarış bu il noyabrın 28-də Peruda keçiriləcək. Orada qızıl medal qazanmaq üçün əlimdən gələni edəcəyəm”.

“Bu qələbə fiziki qüsurlu insanlar üçün əsl motivasiyadır”
Məlumat üçün qeyd edək ki, Azərbaycan Badminton Federasiyasında parabadminton bölməsi bu il təsis olunub. Milli komandaya başçılıq edən Teymur Abbasovun fikrincə, İbrahim Əliyevin uğuru həm onun özü, həm də fiziki məhdudiyyəti olan digər insanlar üçün əsl motivasiyadır: “Bu, onlarda da badmintona maraq oyadacaq və cəmiyyətə inteqrasiyalarında mühüm rol oynayacaq. İbrahim uzun illər şəxsi məşqçisi Elşən Həsənəliyevin yanında məşq edib. Parabadminton bölməsi yaradıldıqdan sonra milli komandaya cəlb etdik ki, idmanla daha mütamadi məşğul ola bilsin. Çox əzmkar idmançıdır. Məqsədi Paris olimpiadasına lisenziya qazanmaq və yaxşı nəticə göstərməkdir. Xarakterli uşaqdır və məşqlərə olduqca həvəsli gəlir. İndoneziyanın Yoqyakarta şəhərindəki ilk yarışdan sonra onun medal qazanacağına inanırdıq. Sevindirici haldır ki, ümidləri doğrultdu. Hələlik beynəlxalq yarışlarda bir idmançı ilə təmsil olunuruq. Amma bununla kifayətlənməməyə çalışır, digər fiziki məhdudiyyətli insanları, xüsusilə də Vətən müharibəsi qazailərini bu idman növünə cəlb etməyi planlaşdırırıq. Bunun üçün əvvəlcə onlarda badmintona maraq oyatmalıyıq".
Badminton - faydalı və təhlükəsiz inteqrasiya vasitəsi
Badminton üzrə Azərbaycan millisinin sabiq üzvü və “Volan” klubunun rəhbəri Orxan Qələndərov deyir ki, dünyada qismən, yaxud da tam fiziki məhdudiyyətli insanlar var və badminton bu cür şəxslərin cəmiyyətə inteqrasiyası üçün çox faydalı, əyləncəli, eyni zamanda təhlükəsiz idman növlərindən biridir: “Ayaqlarını, bir əlini itirmiş, başqa fiziki qüsurları olan insanlar badmintonla asanlıqla məşğul ola bilər. Təmassız idman növüdür. Burada rəqiblərin bir-birinə toxunması, onu yıxması mümkün deyil Məsələn, ampute futbolla müqayisədə badminton daha təhlükəsizdir. Ümumiyyətlə, fiziki məhdudiyyətli insanların çoxu özünə qapanır, ətraf aləmlə əlaqəsi az olur. İdman isə onları sanki yenidən həyata qaytarır, yaşamağa ruhlandırır. Bu mənada, badmintonun da rolu əvəzsizdir”.

İbrahim Əliyevin uğuruna da toxunan Qələndərov onun istedadlı idmançı olduğunu vurğulayıb: “Eyni məhəllədə yaşayırıq. Onu yığmaya cəlb olunduqdan sonra tanımışam. Sol qolunda problem var, tam açılmır. Əvvəllər necə məsuliyyətli idisə, indi də elədir. Məşqlərini davam etdirir və yarışlara həvəslə hazırlaşır. Eşitdiyimə görə, Paris olimpiadasına lisenziya qazanmaq şansı var. Davamlı olaraq yarışlara qatılsa, düzgün turnirlər seçilsə, istəyinə nail ola bilər. Federasiyamız da Milli Paralimpiya Komitəsi ilə birlikdə bu istiqamətdə iş görür. İbrahimin olimpiadaya düşmək imkanlarını yüksək qiymətləndirirəm”.
"İdman fiziki məhdudiyyətli insanların cəmiyyətə qazandırılması üçün ən gözəl üsullardan biridir"
İdman federasiyaları ilə əməkdaşlığı ilə tanınan peşəkar psixoloq Zümrüd Əkbərova hesab edir ki, təkcə badminton deyil, bütün idman növləri fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası üçün ən gözəl üsullardan biridir: “Təcrübə də göstərir ki, idman yalnız fiziki deyil, psixoloji sağlamlığı və emosional sabitliyi qorumaq üçün də vacib fəaliyyət sahəsidir. Bu, fiziki imkanları məhdud insanlar üçün xüsusilə önəmlidir. Düzdür, çoxları həmin insanları idmanla əlaqələndirə bilmir. Amma son dövrlər bu cür şəxslərin cəmiyyətə inteqrasiyası üçün idmandan istifadə geniş vüsət alıb. İdman insanın həm fiziki, həm beyni, həm emosional vəziyyəti arasında balans yaradan fəaliyyət növüdür. Bəzən insanın zehni imkanları hansısa inkişafa icazə vermir. Lakin həmin şəxs fiziki fəaliyyətlə məşğul olaraq, beynini işlətmək bacarığını artıra bilir. Yəni, idman bədənlə beyin arasındakı balansı qurmağa kömək edir”.
Fiziki qüsurlu insanların özünə yanaşması, çəkingənliyi, kompleksləri onları cəmiyyətdən uzaqlaşdırır, potensiallarının daha da məhdudlaşmasına səbəb olur. Əkbərovanın sözlərinə görə, onlar idmanla məşğul olmaqla ilk növbədə psixoloji sağlamlıqlarına dəstək olurlar: “Həmin insanlarda güvən hissi yaranır. Özü ilə bağlı neqativ düşüncələri yaxşıya doğru dəyişir. Fiziki məhdudiyyətli şəxs idmanla öz potensialını başqa cür kəşf edə bilir. Nəticədə şəxsi keyfiyyətləri yaxşılaşır. Mən özüm də bunun şahidi olmuşam. Milli Paralimpiya Komitəsinin keçirdiyi yarışlarda 2 dəfə psoxoloq kimi iştirak etmişəm. Fiziki sağlamlıqları məhdud uşaqların orada özlərini necə yaxşı hiss etdiklərini, yarışdan necə müsbət emosiyalarla ayrıldıqlarını görmüşəm”.

“Fiziki imkanları məhdud idmançılar qələbə sevincini daha rahat və səmimi yaşayırlar”
Psixoloq bildirib ki, fiziki məhdudiyyətli bir insan hansısa maneəni aşırsa, mübarizə əzmini ortaya qoya bilirsə, deməli, bu keyfiyyətləri mərhələli şəkildə qazanır və bunları özününküləşdirir: “Həmin şəxs peşəkar idmanla məşğul olursa, onunla digər idmançılar arasında elə ciddi fərq olmur. Onlar qələbə sevincini daha rahat və səmimi yaşayırlar. Özləri ilə bağlı xüsusi qürur hissi olur və bunu ətrafa göstərməkdən çəkinmirlər”.
Əkbərova hazırkı dönəmdə bu mövzunun daha da aktuallaşdırılmasınınn önəmini xüsusi vurğulayıb: “Çünki qazilərimizin sayı çoxdur. Regionlarda onların cəmiyyətə inteqrasiyası üçün daha yaxşı şərait yaradılmalıdır. Digər məsələ uşaqlarla bağlıdır. Azyaşlılar arasında keçirilən paralimpiya yarışlarına regionlardan maksimum 1 və ya 2 idmançı qatılır. Bilirik ki, cəmiyyətə inteqrasiya olunmayan, valideynlərin üzə çıxarmaq istəmədiyi uşaqlar var. Bu, həmin şəxslərə adi hal kimi aşılansa, yəni, inteqrasiya prosesinə aşağı yaşlardan başlanılsa, daha yaxşı nəticələr əldə etmək olar".
Mütəxəssislərin də fikirlərindən anlaşıldığı kimi, idman fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasında əvəzsiz rol oynayır. Bu il Azərbaycan Badminton Federasiyasında parabadminton bölməsinin açılması isə qurumun bu sahəyə diqqət və qayğısından xəbər verir.

https://qelebe.az//uploads/photo/idman-engel-tanimir-parabadmintonda-ilk-medal-ve-ya-ezmkarligin-qelebesi.webp











