Azərbaycan çempionatındakı rumıniyalılar: Mutu uğursuz ənənəyə son qoya bilər - ŞƏRH
“Qarabağ”ın çempionluqları sıraladığı son 10 ildə məşqçi dəyişiklikləri ilə daha çox yadda qalan “Neftçi” ənənəsini bu yay da davam etdirdi.
Paytaxt təmsilçisi ötən mövsüm gözləniləni verməyən Laurentsiu Regekampfla yolları ayırdı. Onun əvəzində isə ölkəsinin ən yaxşıları sırasında göstərilən həmyerlisi, Avropanın perspektiv vəd edən məşqçilərindən Adrian Mutunu gətirdi.
Əlbəttə ki, nüfuz, populyarlıq, futbolçu karyerası baxımından Regekampf Mutu ilə eyni tərəziyə qoyulacaq səviyyədə deyil. Hər halda “İnter”, “Çelsi”, “Yuventus”, “Fiorentina” kimi klubların formasını geyinmək hər oyunçuya nəsib olmur. Düşünmək olar ki, rumıniyalı mütəxəssis böyük klublarda qazandığı təcrübəni məşqçi kimi də oyunçularına aşılaya biləcək.
Ümumiyyətlə, Mutu Azərbaycan çempionatları tarixinin 4-cü rumıniyalı mütəxəssisi olacaq. Çünki Regekampfdan əvvəl Mirça Rednik və Dorinel Muntyanu da ölkəmizdə fəaliyyət göstəriblər. Bəs görəsən, rumıniyalıların Azərbaycandakı macəraları necə alınıb?
Rednikin böyük büdcə qarşılığında qazancı – Ölkə kuboku
Azərbaycan futboluna ilk cığırı açan Mirça Rednik olub. O, 2010-2011-ci illərdə, “Xəzər Lənkəran”ın parlaq dönəmlərində il yarım bu komandaya rəhbərlik edib. Rahid Əmirquliyev, Kamran Ağayev, Elnur Abdullayev kimi yerlilərin karyeralarının pik vaxtlarında, Uinston Parks, Elvin Beqiri, Radomir Todorov, Emeka Opara, Adrian Pit, Adrian Skarlatake, Julius Vobay kimi bir çox əcnəbi futbolçunun yer aldığı heyət 2010/2011 mövsümünü ikinci yerlə tamamladı.
Rednikin Azərbaycanda ən böyük uğuru həmin mövsüm Azərbaycan Kubokunu və lənkəranlı azarkeşlərin sevgisini qazanmaq oldu. O dərəcədə ki, fanatlar hətta uğursuz nəticələr zamanı da ona dəstək nümayiş etdirirdilər. Ancaq 2011/2012 mövsümünün ilk 15 turundan sonra onunla çempionluğun mümkünsüzlüyünü başa düşən rəhbəlik çıxış yolunu Redkini istefaya göndərməkdə gördü. Rumıniyalıya sonuna qədər güvənilsəydi, bəlkə də, komandanı hədəfə çatdıra bilərdi. Ancaq fakt budur ki, ayrılan büdcə və yığılan futbolçu heyəti fonunda ölkə kubokunu qazanmaq ciddi uğur deyildi.
Yüksəliş dövrünün uğursuzu - Dorinel Muntyanu
Dorinel Muntyanu 2014/2015 mövsümünün əvvəlində “Qəbələ”nin sükanı arxasına gətirildi. “Qırmızı-qaralar” həmin vaxt yenicə yüksəlişə keçməyə başlayırdı. Ancaq Muntyanu mövsümün startında çox tab gətirə bilmədi. Komanda Premyer Liqada onun rəhbərliyi altında cəmi 13 matçda iştirak etdi və bunun yalnız 3-də qələbə sevinci yaşadı. Ardından baş məşqçi postuna gətirilən Roman Qriqorçuk isə “Qəbələ” ilə avrokuboklarda yeni tarix yazdı.
Vitse-çempionla üçüncülüyə sevinən - Lurentsiu Regekampf
Nəhayət, 2022-ci ilin yayında Laurentsiu Regekampfın yolu Azərbaycana düşdü. Klub 2021/2022 mövsümündə ikinci yeri həzm etməyərək, Samir Abasovla yolları ayırdı və rumıniyalı ilə anlaşdı. Hədəf isə çempionluq idi. Ancaq daha çox şəxsi həyatındakı problemlərlə gündəmə gələn Regekampf heç ötən mövsümdəki nəticəni təkrarlaya bilmədi. Komanda Premyer Liqada bürünc mükafatla və ölkə kubokunun finalı ilə kifayətləndi. Əslində, Regekampf “Neftçi”nin böhran dövrünə və “Qarabağ”la “Sabah”ın pik vaxtına düşdü. Yəni qısa müddətdə əlindəki heyətlə bundan artığını edə bilməyəcəyi hələ mövsümün əvvəlindən bəlli idi.
Mutu mövcud vəziyyətdən çıxış yolu tapa biləcəkmi?
Mövsüm başa çatan kimi, bir neçə futbolçu ilə transferdə ilkin razılığa gələn “Neftçi” rəhbərliyi qarşılıqlı razılıq əsasında Regekampfı istefaya göndərdi. Komanda toplanışa, hətta Rusiyadakı “Match TV” turnirinə baş məşqçisiz qoşuldu. Cəmi iki həftə sonra isə “Neftçi” UEFA Konfrans Liqasında ilk oyununa çıxacaq. Belə durumda komandanı vəziyyətdən ancaq təcrübəli və nüfuzlu mütəxəssis çıxara bilər ki, Mutunun bu baxımdan bir problemi yoxdur. 44 yaşlı mütəxəssisin əsas üstünlüyü böyük nüfuza malik olmasıdır. Bundan istifadə edərək, “Neftçi”yə güclü futbolçular gətirə bilər.
Məşqçi karyerası yüksələn xətlə inkişaf edən və sonuncu komandası olan “Rapid”də az büdcə ilə normal iş görən Mutunun “Neftçi”yə iddialı və ambisiyalı gəlməsi onun uğur qazanmaq şanslarını artırır.
Rumıniyalı məşqçilərin Azərbaycan Premyer Liqasındakı nəticələri:
| Məşqçi | Klubu | İl | O | Q | H | M | T/F | X |
| Mirça Rednik | “Xəzər Lənkəran” | 2010/11 | 47 | 21 | 14 | 12 | 56-44 | 77 |
| Dorinel Muntyanu | “Qəbələ” | 2014 | 13 | 3 | 5 | 5 | 15-21 | 14 |
| Laurentsiu Regekampf | “Neftçi” | 2022/23 | 36 | 20 | 8 | 8 | 63-38 | 68 |

https://qelebe.az//uploads/photo/azerbaycan-chempionatindaki-ruminiyalilar-mutu-ugursuz-eneneye-son-qoya-biler-sherh.webp















