Avropa Oyunları: Sərxan Əliyev yarımfinala yüksələ bilməyib - YENİLƏNİB-2
Azərbaycan boksçusu Sərxan Əliyev (71 kq) Polşada keçirilən III Avropa Oyunlarında növbəti döyüşünə çıxıb. Dünya çempionatının mükafatçısı 1/4 finalda Makan-Vie Traore (Fransa) ilə qarşılaşıb.
"QELEBE.AZ"un yarışlara ezam olunmuş əməkdaşının məlumatına görə, döyüş rəqibin qələbəsi ilə yekunlaşıb.
Fransalı boksçu 3:2 (28:29, 30:27, 30:27, 29:28, 27:30) hesabı ilə qalib gəldiyindən Sərxan yarışda çıxışını bitirib.
Qeyd edək ki, bu gün daha 1 boksçumuz 1/4 final döyüşünə çıxacaq. Məhəmməd Abdullayev (+92 kq) Stilianos Pouliasu (Yunanıstan) sınağa çəkəcək.
Azərbaycanın qadın boksçusu Məhsəti Həmzəyeva-Ağamalıyeva Polşada keçirilən III Avropa Oyunlarında çıxışını başa vurub.
“QELEBE.AZ”un məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final mərhələsində Fransa təmsilçisi Amina Zidaniyə məğlub olaraq, yarımfinala adlaya bilməyib.
O, hər üç raundda rəqibinə yenilərək, 0:5 (27:30, 27:30, 27:30, 27:30, 27:30) hesabı ilə məğlub olub.
Qeyd edək ki, kişi boksçu Murad Allahverdiyev (80 kq) yarımfinala yüksəlməklə həm medalı təmin edib, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Azərbaycan boksçusu Murad Allahverdiyev Polşada keçirilən III Avropa Oyunlarının 1/4 final mərhələsində Ermənistan təmsilçisi Hambardzum Hakobyana qalib gəlib.
“QELEBE.AZ”un məlumatına görə, 21 yaşlı idmançı yarımfinala yüksəlməklə, ən azı bürünc medalı təmin edib.
M.Allahverdiyev hər 3 raundu xeyrinə bitirərək, 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Boksçu ilk “dördlüy”ə yüksəldiyi üçün Paris-2024 Yay Olimpiya Oyunlarına da lisenziya qazanıb. Bu, boks üzrə Azərbaycan millisinin Fransada təşkil olunacaq olimpiadaya ilk vəsiqəsidir.
Murad Allahverdiyev yarımfinal döyüşünə iyunun 30-da çıxacaq. Azərbaycan boksçusunun final yolundakı rəqibi xorvatiyalı Qabriel Veoçiç olacaq.

https://qelebe.az//uploads/photo/avropa-oyunlari-serxan-eliyev-yarimfinala-yuksele-bilmeyib-yenilenib-2.webp











