“Dünya Kuboku 2023”: Qarışıq komandaların 10 metr məsafəyə pnevmatik tüfəngdən atış yarışında qaliblər bəlli olub
Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2023”ün növbəti mükafatçıları bəlli olub.
“Report”un məlumatına görə, bu gün keçirilən qarışıq komandalar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atış yarışlarında qaliblərin adlarına aydınlıq gəlib.
Təsnifat mərhələsini uğurla başa vuran 4 komanda mükafatlar uğrunda mübarizəyə qoşulub.
Əvvəlcə 3-cü və 4-cü yerin sahibləri – Macarıstan və Çexiya komandaları bürünc medalın taleyinə aydınlıq gətiriblər. Aneta Brabçova və Frantisek Smetanadan ibarət Çexiya təmsilçisi 17:11 hesablı qələbə qazanaraq Dünya Kubokunu üçüncü yerdə başa vurub.
Qızıl medal uğrunda isə iki Çin komandası mübarizə aparıb. Yuting Hvang – Lihao Şenq ikilisi həmyerliləri Jiling Vanq – Aoran Yanq duetinə 16:14 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Qeyd edək ki, bu gün, həmçinin, qarışıq komandalar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atış yarışlarında da qaliblər bəlli olacaq.

https://qelebe.az//uploads/photo/dunya-kuboku-2023-qarishiq-komandalarin-10-metr-mesafeye-pnevmatik-tufengden-atish-yarishinda-qalibler-belli-olub.webp











