Gürcüstanda saxlanılan "Beşiktaş"ın 16 azarkeşi sərbəst buraxılıb - YENİLƏNİB
Gürcüstanda saxlanılan “Beşiktaş” azarkeşləri sərbəst buraxılıb.
Türkiyə mediasının xəbərinə görə, Gürcüstanın Batumi şəhərində keçirilən “Beşiktaş”-“Hapoel Beer-Sheva” matçında baş verən insidentdən sonra saxlanılan 16 “Beşiktaş” azarkeşi Gürcüstanla aparılan danışıqlar nəticəsində sərbəst buraxılıb.
***
10:41
Gürcüstanın Batumi şəhərində “Beşiktaş” və İsrailin “Hapoel Beer-Sheva” komandaları arasındakı oyun zamanı Türkiyə futbol klubunun azarkeşləri ilə polis arasında baş verən qarşıdurma zamanı 3 polis əməkdaşı xəsarət alıb, 16 nəfər saxlanılıb.
APA xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, azarkeşlərin bir hissəsinin təxribatçı və zorakı hərəkətləri zamanı stadionun infrastrukturuna, o cümlədən oturacaqlara ziyan dəyib, həmin oturacaqları polis əməkdaşlarına atıblar.
Bildirilib ki, qarşıdurmanın qarşısını almaq, vəziyyəti sakitləşdirmək və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə polis xüsusi vasitələrdən istifadə edib. Nəticədə 3 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb, qanunsuz hərəkətlərdə iştirak edən 16 nəfər saxlanılıb.
Qeyd edək ki, “Beşiktaş” və “Hapoel Beer-Sheva” arasında keçirilən qarşılaşma tribunada baş verən insidentlər səbəbindən təxminən 30 dəqiqə dayandırılıb. Oyun sonradan bərpa olunub və Türkiyə təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

https://qelebe.az//uploads/photo/gurcustanda-saxlanilan-beshiktashin-16-azarkeshi-serbest-buraxilib-yenilenib.webp











