Azər Məmmədov: “Qarabağ”la oyunu 3 xal kimi görürəm”
Misli Premyer Liqasının XI turunda "Neftçi" "Kəpəz"i məğlub edib - 1:0.
QELEBE.AZ xəbər verir ki, matçdan sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədovun mətbuat konfransı keçirilib.
"Xalqımızı qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edirəm. Şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə isə sağlamlıq arzulayıram. Oyuna gəldikdə, bilirdik ki, "Neftçi"yə qarşı oynayırıq, bizim əzəli rəqibimizdir. Çempionatın liderinə qarşı oynayırdıq. Futbolçular çalışdılar. Bu gün bura məğlub olmaq üçün gəlməmişdik. Burada xal və ya xallar götürmək istəyirdik. Təəssüf ki, uduzduq. Futbolçulara hər şeyə rəğmən təşəkkür edirəm. Millimizə uğurlar arzulayıram. Milli fasilədə daha çox çalışmalıyıq. Düşünürəm ki, çempionatımıza bu futbolçular və "Kəpəz" rəng qatmağa davam edəcək".
- Benitonun fasilədə əvəzlənməsi nə ilə əlaqədardır?
- Birinci hissəyə 4-2-3-1 sxemi ilə başlamışdıq. Gördük ki, "Neftçi"nin cinahları daha aktivdir. Düşündük ki, ikinci hissədə sxemdə dəyişiklik edək və 4-5-1 sistemi ilə oynayaq. Taktiki əvəzetmə etdik.
- David Domqjoninin olmaması oyuna necə təsir etdi?
- Bəli, onun olmaması bizim üçün itki idi. Amma qeyd etmək istəyirəm ki, onun əvəzinə Ürfan Abbasov oynayırdı. İlk dəfə deyildi ki, Ürfan bu mövqedə oynayırdı. O da layiqincə işinin öhdəsindən gəldi. Ürfana da o cür oynadığı üçün təşəkkür edirəm.
- Növbəti turda "Qarabağ"a qarşı oynayacaqsınız. Bu oyun haqda nə düşünürsünüz?
- "Qarabağ"la oyunu komandam üçün 3 xal kimi görürəm. Düzdür, çox çətin oyun olacaq. Amma biz doğma şəhərimizdə oynayacağıq. Bu gün özünüz də gördünüz ki, azarkeşlərimiz bizi burada da tək qoymamışdılar. Razıyam ki, futbolda məğlubiyyət də var. "Qarabağ"la oyuna da qələbə üçün çıxacağıq.
- Namik Ələskərov milliyə dəvət edildi. Onun haqda fikriniz necədir?
- Namik nə qədər sevinirsə, mən ondan daha çox sevinirəm. 5 il idi, "Kəpəz"dən heç kim milliyə dəvət edilmirdi. Bu, onun zəhmətinin bəhrəsidir. "Zirə"dən "Kəpəz"ə gəldi. Halbuki "Zirə" yuxarı yerlərə oynayır, "Kəpəz" Premyer Liqada qalmağa. Bu addım bir futbolçu üçün elə-belə addım deyil. Namikin gəlib Gəncədə çəkdiyi əziyyətin və komanda yoldaşlarının çəkdiyi əziyyətin bəhrəsidir. Ona uğurlar arzulayıram. Allah qoysa, yaxşı çıxış edər.
- Sizcə, gəncəli futbolçu milliyə nə vaxt dəvət ediləcək?
- Gəncəli futbolçuların milli komandamıza dəvət edilməsi üçün Qərb zonasında akademiyada köklü dəyişikliklər lazımdır. Strategiya və struktur qurmaq lazımdır. Nə vaxta kimi həmin şey olmayacaq, çətin olacaq ki, gəncəli futbolçu millimizdə oynasın.

https://qelebe.az//uploads/photo/azer-memmedov-qarabagla-oyunu-3-xal-kimi-gorurem.webp