Elmir Əliyev U-23 dünya çempionatında finala vəsiqə qazanıb

Elmir Əliyev U-23 dünya çempionatında finala vəsiqə qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev ABŞ-nin Las Veqas şəhərində keçirilən U-23 dünya çempionatında finala vəsiqə qazanıb.

Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.

İlk yarış günündə yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da finalçılar müəyyənləşib.

Elmir Əliyev (60 kq) 1/8 finalda polşalı Oliviye Tomaş Skşipçaкa tam üstünlüklə (8:0), 1/4 finalda isə qırğızıstanlı Kubaniç Arinova 7:3 hesabı ilə qalib gəlib. Yarımfinalda özbəkistanlı Mehroc Bəhramovla gərgin mübarizə şəraitində keçən görüşdə də sevinən tərəf (4:2) olan Elmir ardıcıl ikinci il U-23 dünya çempionatının finalına yüksəlib. Əliyev sabah həlledici qarşılaşmada qazaxıstanlı Aybek Aytbekovla güləşəcək.

Məhəmməd Şükürzadə (67 kq) 1/8 finalda türkiyəli Azat Sarıyara 1:5 hesabı ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Şükürzadə təsəlliverici görüşə çıxacaq. Təmsilçimizin rəqibi qazaxıstanlı Tolegen Amirxanov olacaq.

Fərid Xəlilov (72 kq) özbəkistanlı Şaxzod Kuçkorovu mübarizədən kənarlaşdırdıqdan (4:1) sonra 1/4 finalda qazaxıstanlı Yussuf Aşrapova uduzub – 1:7. Rəqib adını finala yazdırdığı üçün Fərid 2-ci yarış günündə təsəlliverici görüşə çıxacaq. Xəlilov Yriskeldi Xamzayev (Qırğızıstan) – Vasile Zabika (Moldova) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Elmin Əliyev (82 kq) belaruslu İlya Valevski (9:4) və macarıstanlı Sabolç İştvan Sinaya (5:2) gücünü göstərsə də, 1/4 finalda isveçli Aleksander Mikael Yohanssona minimal fərqlə (2:3) məğlub olub.

İsmayıl Rzayev (97 kq) zədələndiyi üçün yarışdan çəkilib.