match.affa.az platformasının təqdimatı keçirilib

match.affa.az platformasının təqdimatı keçirilib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkil etdiyi futbol yarışları haqqında məlumatları vahid mərkəzdə birləşdirən match.affa.az saytının təqdimat mərasimi keçirilib.

QELEBE.AZ xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Platformanın əsas məqsədi uşaq, yeniyetmə, gənclər, qadın futbolu və futzal üzrə yarışlar barədə məlumatların əlçatanlığını artırmaq və futbol ictimaiyyətinin bu yarışlara marağını genişləndirməkdir. 

Tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, AFFA rəsmiləri, futbol ictimaiyyətinin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Tədbirin əvvəlində çıxış edən Cahangir Fərəcullayev uşaq futbolunun inkişafının AFFA üçün hər zaman əsas prioritet olduğunu vurğulayıb.

Daha sonra match.affa.az platformasının və @affa.istedadlar sosial media kanallarının rəsmi təqdimatı keçirilib.

Qeyd edək ki, saytda AFFA Gənclər Liqası, U-17, U-16, U-15 və digər aşağı yaş qrupları üzrə liqaların təqvimi və nəticələri, turnir cədvəlləri, futbolçuların statistik göstəriciləri, komandaların heyətləri və matçlar zamanı baş verən əsas hadisələr əks olunacaq. İstifadəçilər, həmçinin klubların səhifələri, futbolçu profilləri və həftənin rəmzi komandaları ilə tanış ola biləcəklər.

Yeni platforma aşağı yaş qrupları üzrə yarışların daha geniş auditoriyaya çatdırılmasına, gənc futbolçuların göstəricilərinin izlənilməsinə və yerli futbol haqqında məlumatların vahid mənbədən əldə olunmasına imkan yaradacaq.

Tədbirin sonunda AFFA-nın baş katibi Cahangir Fərəcullayev rəmzi heyətlərdə yer alan Xəzər Nağızadəyə (“Neftçi” U-19) və Ömər Məmmədova (“Kəpəz” U-17) hədiyyələr təqdim edib.