DÇ: Millimiz Yaponiyaya məğlub olub - YENİLƏNİB

DÇ: Millimiz Yaponiyaya məğlub olub - YENİLƏNİB

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə Azərbaycan millisi qarışıq komanda yarışında mübarizəni dayandırıb.

QELEBE.AZ xəbər verir ki, yığmamız 1/8 final mərhələsində Yaponiya ilə qarşılaşıb və 1:4 hesabı ilə məğlub olub.

Bununla da cüdoçularımız komanda yarışında mübarizəni başa vurublar. Azərbaycan millisi 1/16 finalda Avstriyaya 4:0 hesabı ilə qalib gəlmişdi.

Qadınlardan ibarət komandada Gültac Məmmədəliyeva və Xədicə Qədəşova (hər ikisi 57 kq), Südabə Ağayeva və Hanna Zaytseva (hər ikisi 70 kq), eləcə də Madina Kaisinova (+70 kq) yer alıblar.

Kişilərdən isə Rəşid Məmmədəliyev və Ruslan Paşayev (hər ikisi 73 kq), Zelim Tçkayev və Süleyman Şükürov (hər ikisi 90 kq), həmçinin Zelim Kotsoyev və Uşanqi Kokauri (+90 kq) komandanın heyətinə daxil ediliblər.

Milli Gimnastika Arenasında keçirilən səkkizinci yarış günündə 18 ölkədən 192 cüdoçu komanda yarışında mübarizə aparıb.

Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə ilə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) dünya çempionu olub. Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.