Bakı çempionatında finalçılar bəlli olub

Bakı çempionatında finalçılar bəlli olub

Kamandan oxatma üzrə Bakı şəhər çempionatının açılış mərasimi keçirilib və finalçılar müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, Azərbaycan Kamandan Oxatma Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Hövsan Olimpiya İdman Kompleksində keçirilən yarışda U-15 və böyüklər kateqoriyalarında 50-yə yaxın idmançı iştirak edib.

U-15 kateqoriyasında oğlanlar arasında qızıl medal uğrunda Məhəmməd İsmayılovla Əli Məmmədov, qızlar arasında isə Banu Məmmədova ilə Sona Rüstəmli qarşılaşacaq. Böyüklər arasında kişilərin finalında Hüseyn Məhərrəmovla Salman Dadaşov, qadınlarda isə Fatimə Hüseynli ilə Yaylagül Ramazanova üz-üzə gələcək.

Bürünc medal uğrunda mübarizələrdə U-15 oğlanlarda Əhməd İsmayılov – Saleh Məmmədli, qızlarda Məryəm İbrahimli – Ayşənur Novruzova, böyüklərdə kişilər arasında Nurlan Babacanov – Sərdar Vəliyev, qadınlarda isə Dilguşə Sadıqova – Şəms Heybətova yarışacaq.

Qeyd edək ki, paralimpiyaçı Nurlan Babacanovun böyüklər kateqoriyasında bürünc medal uğrunda mübarizəyə yüksəlməsi yarışın diqqətçəkən məqamlarından biri olub.

Çempionatın final görüşləri sabah keçiriləcək. Qaliblər fəxri diplom və medallarla təltif olunacaqlar.