"Neftçi"də yeni müqavilə - RƏSMİ

"Neftçi"də yeni müqavilə - RƏSMİ

Bu gün “Neftçi” PFK ilə futbolçu Emil Səfərov arasındakı müqavilənin müddəti uzadılıb.

QELEBE.AZ xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə yeni 2+1 illik müqavilə imzalanıb.

Peşəkar karyerasının elə ilk illərindəcə yüksək səviyyəli oyunçu olacağının siqnallarını vermiş Emil Misli Premyer Liqasında 18 yaşında ikən yetirməsi olduğu “Qəbələ”də debüt edib və getdikcə əsas heyətdə möhkəmlənməyə başlayıb, bir müddət sonra isə A milli komandaya dəvət alıb. 2024-cü ildə bir neçə başqa təklifi olsa da, seçimini “Neftçi”dən yana edən Səfərov qısa zaman kəsiyində dinamik inkişaf potensialı nümayiş etdirərək, “ağ-qaralar”ın aparıcı üzvlərindən birinə çevrilib. 2 il ərzində “Neftçi”nin heyətində bütün turnirlərdə 50 oyuna 3 qol vurub 5 məhsuldar ötürmə edən Emil bir neçə qarşılaşmanın taleyində vacib rol oynayıb, paralel olaraq Azərbaycan millisində də möhkəmlənib.

“Neftçi”nin Baş İcraçı Direktoru Cenk Sümer yeni müqaviləni bu cür dəyərləndirib: “23 yaşlı istedadlı futbolçumuz Emil Səfərov xarakteri, potensialı və göstərdiyi performansla həm klubumuza, həm də Azərbaycan millisinə mühüm töhfələr verə biləcək oyunçudur. O, eyni zamanda Azərbaycan futbol akademiyalarında yetişən gənc nəsil üçün örnək ola biləcək futbolçulardandır.

Birlikdə olduğumuz bu 2 il ərzində Emilin daim inkişaf etmək istəyinin, əzmkarlığının, formasına sədaqətinin, klubuna və vəfalı azarkeşlərimizə olan sevgisinin yaxından şahidi olduq. Gələcəkdə həm “Neftçi”yə, həm də Azərbaycan futboluna verəcəyi töhfələri nəzərə alaraq, onunla müqavilənin müddətini uzatmaq qərarına gəldik. Emil isə bu imzanı yalnız kağıza deyil, həm də qəlblərə atdı!

Ona “Neftçi”də və Azərbaycan millisindəki karyerasında uğurlu, parlaq günlər arzulayırıq”.