“Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
“Qalatasaray” yay transfer pəncərəsində İsveçrənin “Sion” klubunda çıxış edən hücumçu Uinsli Botelini heyətinə qatmağa yaxın olub.
QELEBE.AZ xəbər verir ki, bunu İsveçrə təmsilçisinin prezidenti Kristian Konstantin “Blick”ə açıqlamasında bildirib.
Klub rəhbərinin sözlərinə görə, İstanbul təmsilçisi 20 yaşlı futbolçu üçün 30 milyon avro ödəməyə hazır olub. Lakin Konstantin Botelinin transferinə razılıq verməyib.
“Əvvəla, Uinslinin bu yay heç yerə getməyəcəyini demişdim. İkincisi, əvvəlcədən qeyd edim ki, “Qalatasaray”ı çox sevirəm, amma onun karyerasında növbəti addımı sakit şəkildə atması üçün bu klub tamamilə yanlış ünvandır. Agentinə və atasına söz vermişəm ki, Uinslinin karyerasını düzgün şəkildə planlaşdıracağıq”, – deyə Konstantin bildirib.
Boteli 2026/27 mövsümünə uğurlu başlayıb. Gənc hücumçu “Sion”un heyətində bütün turnirlərdə keçirdiyi 12 oyunda 12 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Boteli İsveçrənin U-21 millisinin də üzvüdür. Yay transfer pəncərəsində onunla İngiltərənin “Kristal Pelas” klubu da ciddi maraqlanıb.

https://qelebe.az//uploads/photo/qalatasaray-30-milyon-avroluq-transferi-niye-bash-tutmayib.webp