Valdas Dambrauskas: “Qələbəni xüsusi qeyd edəcəm”

Valdas Dambrauskas: “Qələbəni xüsusi qeyd edəcəm”

"Sabah" UEFA Çempionlar Liqasında "Hapoel"i məğlub edib.

Apasport.az xəbər verir ki, matçdan sonra "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.

"Mən nə deyə bilərəm? Hər şey aydındır. Gözəl gecədir, gözəl atmosferdir. Stadiona gələn azarkeşlərin hamısını bir-bir qucaqlamaq istəyirəm. Şəxsən onlara təşəkkür edirəm ki, gəliblər. Onların enerjisi bu atmosferi yaratdı.Futbolçularım möhtəşəm oynadılar. Onlar buna inandılar, hər gün inanırdılar ki, bu işi görəcəklər. Karyeramdakı işlədiyim ən yaxşı komandadır. Onlar bunu bir daha sübut etdilər. Çox çətin məqamda işin öhdəsindən gəldilər. Bəlkə son anda bəziləriniz ümidlərini itirdi. Amma onlar sona qədər mübarizə aparıb, inandılar. Görək də, gələcəkdə nə baş verəcək. Dünyanın ən yaxşı turnirinin qrup mərhələsindəyik, ən yaxşı komandalara qarşı oynayacağıq. Qürur duyuruq. Dünyanın ən xoşbəxt baş məşqçisiyəm".

- "Sabah" bu heyətlə Çempionlar Liqasına hazırdır? Yoxsa transferlər olacaq?

- 17 xarici oyunçunu sifariş etmişik. Hansını çıxara bilərəm? 17 oyunçum var idi. Sizə görə biz transfer etməliyiksə, indi komandada olanlar ÇL-i buraxmalıdır. Sizcə, bu oyunçulardan biri ÇL-in qrup oyunundan xaric edilməyə layiqdir? Biz bir səbəb üçün burdayıq. Biz ÇL-ə vəsiqə qazanmışıq.Müxtəlif ölkələrin komandaları ilə oynamışıq və qruplara vəsiqə qazanmışıq. "Hapoel" qalib gəlsəydi, bu sualı bəlkə verməyəcəkdiz. Çünki onlar güclüdür. Biz o cür komandanı ÇL-dən kənarlaşdırdıq. Statistikaya baxsaz, onlar Avropanın ən yaxşı pressinq edən komandasıdır. Buraxdığımız qollar da pressinqin nəticəsi idi. Fikirləşdim ki, oyunçularım bu işin öhdəsindən gələcəklər. Ona görə hamısı Liqa mərhələsində oynamağa layiqdir.

- ÇL-də xüsusi qarşılaşmaq istədiyiniz..

- Arzularım işə yaramır. Hansı komanda gəlirsə-gəlsin ona qarşı oynayacağıq. Böyük stadionlarda, böyük komandalara qarşı oynayacağıq. İstəyimiz elə də əhəmiyyət kəsb etmir. Gəlin görək nə baş verəcək. Sevinirik, püşk hər şeyi göstərəcək.

- Tellur "Sabah" ilk dəfə kubok qazananda son dəqiqələrdə qələbə qolunu vurmuşdu. Bu gün isə ümid qoluna imza atdı. Onun haqqında fikirləriniz necədir?

- - Tellur gözəl xatirələrlə yadda qalacaq. Ona güvənirik. Gələcəkdə övladlarına, nəvələrinə deyəcək ki, vacib qollar vurmuşam. Tellur və digər oyunçular meydanda bütün güclərini qoyur, bir-birilərinə hörmət edirlər. Mütəllimov gözəl xarakterə sahibdir. Nə zaman ehtiyac olarsa, hazırdır. Onunla qürur duyuram.

- Aleksey İsayev yarımmüdafiə xəttinin lideridir. O, meydana daxil olduqdan sonra komandanız daha çox hücumlar etdi. Siz Alekseyi ehtiyatda saxlamaqla, rəqib baş məşqçiyə sürpriz etdiz?

- Biz cəhd göstərdik. Sürpriz etməyə çalışdıq. Niyə? Çünki biz evdə qalib gələndə, müəyyən üstünlüklərimiz olur. Qalib gələn komandalar çox vaxt oyun üslubunu dəyişmirlər. “Hapoel” evdəki kimi oynadı bizimlə. Buxarestdəki matç bitən kimi dedim ki, müəyyən dəyişikliklər etməliyəm və səhv etmədən müəyyən sürprizlər etməliyik. Ona görə bu gün bəzi dəyişikliklər etdik. Rəqib də müəyyən mənada çaşdı. Rəqib önə keçəndə hesabı qorumağa çalışdı. Düşündük ki, bunu lehimizə çevirə bilərik. Bütün dəyişikliklər əvvəldən düşünülmüşdü. "Hapoel"in də bir az bəxti gətirdi. İki dəfə topumuz dirəkdən qayıtdı, amma həvəsdən düşmədik. Tellurun qolu bunların əvəzini çıxdı.

- Son saniyələrdə siz özünüz nə düşünürdünüz?

- Heç vaxt "heç vaxt" deməyin. Ümidimi heç vaxt itirmirəm. Futbolçularımdan da soruşa bilərsiz. Hesabı bərabərləşdirəndə də, əvəzetmə edəndə də inanırdım ki, qarşıda iki dəqiqəmiz var və qol vuraq. Son dəqiqələrdə də bu fikirdə idim. İnam çox vacibdir. Bəzən bəxt gətirir, bəzən gətirmir. Bizim üçün bu gün hər şey yaxşı oldu.

- Sanki transfer sualına əsəbiləşdiniz.. Transferə ehtyac olmadığını dediz..

- Çox sərt demədim(gülür). Sadəcə izah edirdim, hirsli deyiləm, yaxşı sual idi, burada sərtliyə ehtiyac yoxdur. Transfer-transfer deyirsiz, amma bizim də müəyyən limitlərimiz var. Limitsiz şəkildə transfer edə bilmərik, legioner-yerli məsələsi var, ÇL-in reqlamenti var. Oyunçularımız var.

- Bəs, üç cəbhədə mübarizə aparacaqsınız. Transferlərə ehtiyac var?

Görəcəyik, bəlkə hə, bəlkə yox. Doğrudur, qarşıda çətin qrafik var. Transferə "yox" demərəm.

- Çoxlu qollar vursanız da, bir çox imkanı da əldən verirdiniz. Narahatedici məqamdır?

- Kədərliyəm, yoxsa sevincli? Bu gün ən xoşbəxt məşqçiyəm. Nə səhv olursa olsun, gözəl nəticə əldə etmişik. Başa düşün, Azərbaycan tarixində Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan ikinci komandayıq. İndi səhvlər bizi qayğılandırmır. Başa düşürəm, səhvlər var, işləməliyik və təhlillər aparacağıq. Bu gün ancaq qələbədən zövq almalıyıq. Bu gün səhvləri kənara qoyaq.

- "Orhus"la matçdan sonra demişdiniz ki, qələbəni xüsusi qeyd etmirəm. Bəs bu gün necə?

- Bəli, mütləq edəcəyəm. Alkoqola heç vaxt toxunmamışam. Bu gün qələbəni xüsusi qeyd edəcəyimə əminəm.