"Qalatasaray"dan transfer mesajı: "Pul da xərcləyəcəyik, transfer də edəcəyik"

"Qalatasaray"dan transfer mesajı: "Pul da xərcləyəcəyik, transfer də edəcəyik"

"Qalatasaray"ın vitse-prezidenti Abdullah Kavukcu transfer gündəmi ilə bağlı açıqlamalar verib.

QELEBE.AZ xəbər verir ki, klub rəsmisi heyəti gücləndirmək üçün ciddi iş aparıldıqlarını bildirib.

"Deyirlər ki, pul xərcləməyəcəyik, yalnız icarə futbolçularına üstünlük verəcəyik. Bu, doğru deyil. Biz pul da xərcləyəcəyik, transfer də edəcəyik. Hazırda komandadaxili rəqabəti artıracaq çox ciddi futbolçularla danışıqlar aparırıq".

Kavukcu Barış Alper Yılmazın gələcəyi barədə də danışıb:

"Barış Alper Yılmaz üçün hələ heç bir rəsmi təklif almamışıq. Ona görə də bu barədə nəsə deməyim mənasızdır. Əgər siz bizə onu 35 milyon avroya satmağı məsləhət görürsünüzsə, yox, biz Barışı o qiymətə satmırıq".

Klub rəsmisi transfer siyasətinin planlı şəkildə həyata keçirildiyini vurğulayıb:

"Hər mövqe üçün çoxlu alternativimiz var. Bir futbolçudan asılı deyilik. Biz gələcəyi düşünərək hərəkət edirik, digər klublar kimi sabahı fikirləşmədən transfer etmirik".

Qeyd edək ki, Abdullah Kavukcu çıxışında Türkiyə Futbol Federasiyasının yeni legioner limitini də tənqid edərək bu qərarın ölkə futboluna zərər verdiyini bildirib.