Millimiz Monteneqroya əlavə vaxtda uduzdu

Millimiz Monteneqroya əlavə vaxtda uduzdu

Azərbaycanın U-18 oğlan basketbolçulardan ibarət milli komandası Avropa çempionatında növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, yığmamız 9–16-cı yerlər uğrunda təsnifat mərhələsində Monteneqro ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən görüşün əsas vaxtı 68:68 hesabı ilə başa çatıb. Son saniyələrdə Azər İbrahimovun uzaq məsafədən dəqiq üçxallıq atışı komandamızı məğlubiyyətdən xilas edib və qarşılaşmanı əlavə vaxta daşıyıb.

Əlavə vaxtda isə Monteneqro daha dəqiq oynayaraq 77:71 hesablı qələbə qazanıb.

Azərbaycan millisinin heyətində üç basketbolçu ikirəqəmli xal göstəricisinə çatıb. İsmayıl Abdullayev 24 xal, 5 məhsuldar ötürmə və 4 ribaundla komandanın ən məhsuldar oyunçusu olub. Emmanuel Aqbason 21 xal, 22 ribaund və 9 blokla, Hüseyn Məmmədov isə 13 xal, 7 ribaund və 1 məhsuldar ötürmə ilə çıxış edib.

Qeyd edək ki, U-18 millimiz mübarizəni 13–16-cı yerlər uğrunda davam etdirəcək. Komandamızın növbəti rəqibi Bosniya və Herseqovina – Böyük Britaniya qarşılaşmasında məğlub olan tərəf olacaq.