Eren Aydın: “Bu gün top qapıya girmək istəmədi”

Eren Aydın: “Bu gün top qapıya girmək istəmədi”

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Estoniyanın “Payde” klubuna məğlub olaraq avrokuboklarla vidalaşan “Zirə”nin futbolçusu Eren Aydın matçdan sonra Apasport.az saytına açıqlama verib.

O, komandalarının sərgilədiyi oyunun məğlubiyyətə layiq olmadığını bildirib:

“Futbolun bəzən ən pis tərəfi budur. Çoxlu qol epizodu yaratdıq, saysız-hesabsız yüzfaizlik imkanlarımız oldu. İki zərbəmiz dirəkdən döndü. Bu gün top sadəcə qapıya girmək istəmədi. İlk oyunda da dirəyə dəyən topumuz, qaçırdığımız imkanlar vardı. Çox yaxşı futbol oynadıq, amma demək ki, qismət belə imiş. Artıq qarşıdakı liqa oyunlarına köklənmək istəyirik".

Aydın bildirib ki, komanda yeni mövsümə hazırlıq baxımından yaxşı vəziyyətdədir:

“Bəlkə bir qədər hazırlıqsız yaxalandıq. Amma təlim-məşq toplanışını yaxşı keçmişdik. Düşünürəm ki, ötən mövsümlə müqayisədə daha yaxşı futbol oynayırıq. Çox çalışdıq, sadəcə alınmadı".

23 yaşlı futbolçu “Zirə”nin mübarizəni dayandıracaq qədər zəif çıxış etmədiyini vurğulayıb:

“Bu gün də yaxşı futbol oynadıq. Rəqibin iki təhlükəli zərbəsi oldu, biri dirəyə dəydi, digəri qolla nəticələndi. Mən komandamızın yaxşı oynadığı fikrindəyəm və bunun arxasındayam. Turnirdən kənarda qalmağa layiq futbol sərgilədiyimizi düşünmürəm. Rəqibi təbrik edirəm. Onlar mübarizə apararaq mərhələ adladılar. Növbəti oyunlarda uğurlar arzulayıram".

İkinci hissədə əvəzlənməsinə münasibət bildirən Eren bunun baş məşqçinin qərarı olduğunu deyib:

“Bir qədər yorulduğumu düşünürəm. Bu, məşqçinin qərarı idi. Biz onun qərarına hörmətlə yanaşırıq və sonadək arxasındayıq".

Hakim idarəçiliyindən də narazı qalan futbolçu son epizodda penalti verilməli olduğunu söyləyib:

“Matç boyu hakim toxunduğumuz hər epizoda faul verirdi. Son vəziyyətdə isə top dirəyə dəydiyi üçün, məncə, hakim əlinə toxunduğunu görmədi. Biz ehtiyat oyunçular skamyasında hamımız topun əllə oynandığını gördük. VAR olmadığı üçün penalti verilmədi. Amma hakim qərarına hörmət etmək lazımdır".

Aydın əlavə edib ki, bu məğlubiyyət komandanın hədəflərini dəyişməyəcək:

“Hamımız çox məyusuq. Mərhələ keçəcəyimizi hiss edirdik. Amma futbol belədir. İndi önümüzə baxmalıyıq. Liqanın başlamasına iki həftə var və bu müddətdə yaxşı hazırlaşmalıyıq. Ötən mövsüm ilk dördlüyə düşə bilmədik, bu il isə məqsədimiz ilk üçlükdə yer almaqdır".

O, dirəkdən qayıdan zərbəsi barədə də danışıb:

“Açığı, həmin epizodda qol olduğunu düşündüm, hətta sevinc yaşamağa başlamışdım. Amma top içəri girmədi. Hesab 2:0 olsaydı, bu bizim üçün çox böyük üstünlük olardı. Mənim epizodumdan başqa da ilk hissədə bir neçə yüzfaizlik qol imkanımız vardı. Bu gün alınmadı. Çox məyusuq".

Sonda Eren Aydın komandanın oyunu əlavə vaxta aparmaq istəmədiyini vurğulayıb:

“Biz işi 90 dəqiqədə bitirmək istəyirdik. 1:0 hesabı ilə öndə olduğumuz vaxt da çoxlu qol imkanlarımız oldu, amma istifadə edə bilmədik. Rəqib isə gəldiyi bir epizodda qol vurdu. Futbolda belə hallar olur. İndi yalnız qarşıdakı oyunlara köklənməliyik".