Dünya çempionatının loqosu təsdiqlənib

Dünya çempionatının loqosu təsdiqlənib

İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının rəsmi loqosu təsdiqlənib.

QELEBE.AZ xəbər verir ki, loqo yarışın idman ruhunu, beynəlxalq xarakterini və Azərbaycanın zəngin mədəni irsini özündə birləşdirən vizual konsepsiya əsasında hazırlanıb.

Loqonun mərkəzində yer alan stilizə olunmuş iki güləşçi fiquru mübarizəni, rəqabəti və idmanın universal dilini ifadə edir. Dinamik kompozisiya güləşin əsas prinsipləri olan güc, əzm və ədalətli rəqabəti əks etdirir.

Loqoda üstünlük təşkil edən göy rəng Dünya Güləş Birliyinin (UWW) korporativ vizual üslubuna uyğun seçilib. UWW dünya çempionatlarının brendinqində əsasən göy və ağ rəng palitrasından istifadə edir ki, bu da yarışın vizual kimliyini ön plana çıxarır.

Loqonun xarici halqasında yer alan ornamentlər Qarabağ xalçaçılıq ənənələrindən ilhamlanaraq hazırlanıb. Milli naxışlar Azərbaycanın zəngin mədəni irsini, Qarabağın qədim xalçaçılıq məktəbini və bu dəyərlərin beynəlxalq idman səhnəsində tanıdılmasını simvolizə edir.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək U-17 dünya çempionatında müxtəlif ölkələrdən yüzlərlə perspektivli yeniyetmə güləşçi mübarizə aparacaq.