Çeferindən “Qalatasaray”a böyük tərif: “Avropada baş rolda olmalıdır”

Çeferindən “Qalatasaray”a böyük tərif: “Avropada baş rolda olmalıdır”

UEFA prezidenti Aleksander Çeferin Türkiyə futbolu və “Qalatasaray”la bağlı diqqətçəkən açıqlamalar verib.

QELEBE.AZ xəbər verir ki, qurum rəhbəri UEFA Avropa Liqasının İstanbulda keçiriləcək finalı öncəsi danışıb.

Çeferin Türkiyənin artıq inkişaf etməkdə olan futbol ölkəsi çərçivəsini aşdığını və böyük futbol ölkəsinə çevrildiyini bildirib. O, İstanbulun 2019-cu ildən bəri üç böyük UEFA finalına ev sahibliyi etməsinin təsadüf olmadığını vurğulayıb.

UEFA prezidenti Türkiyədə futbolun yalnız oyun günləri ilə məhdudlaşmadığını deyib:

“Türkiyədə futbol təkcə matç günlərində deyil, hər gün önəmlidir. Bu, sizin ən böyük gücünüzdür, amma eyni zamanda çox böyük məsuliyyətdir”.

Çeferin İstanbulun böyük təşkilatlara ev sahibliyi etməsinə də toxunub:

“Federasiyaya və şəhərə güvənməsəydik, buraya təkrar-təkrar qayıtmazdıq. 2019 Superkuboku, 2023 Çempionlar Liqası finalı və indi də Beşiktaş Parkdakı 2026 Avropa Liqası finalı Türkiyənin böyük UEFA tədbirlərini uğurla keçirə biləcəyinin sübutudur”.

O, Türkiyədə inşa edilən stadionları yüksək qiymətləndirib və ölkənin EURO-2032 öncəsi ciddi üstünlük qazandığını bildirib.

Çeferin “Qalatasaray” barədə də müsbət fikirlər səsləndirib. UEFA rəhbəri İstanbul klubunun Avropa səhnəsinə qayıtmasının Türkiyə futbolu üçün vacib siqnal olduğunu deyib:

“Qalatasaray”ın Avropanın böyük işıqları altına qayıtması önəmli siqnaldır. Onlar Çempionlar Liqası da daxil olmaqla, hər il UEFA turnirlərinin əsas simalarından biri olmalıdırlar. “Qalatasaray” bu ambisiyanı göstərdi: ardıcıl dördüncü dəfə Super Liqa çempionu oldu və Çempionlar Liqasında 1/8 finala yüksəldi”.

UEFA prezidenti bununla yanaşı, Türkiyə klublarının Avropadakı irəliləyişinin kollektiv şəkildə qiymətləndirilməli olduğunu qeyd edib. O, “Fənərbaxça”, “Beşiktaş”, “Başakşəhər” və “Sivasspor”un da qitə turnirlərindəki çıxışlarının nəzərə alınmalı olduğunu vurğulayıb.

Çeferin Türkiyə futbolunun əsas problemini isə səbirsizlik adlandırıb:

“Türk futbolunun gücü onun ehtirasında, istedadında, infrastrukturunda, böyük klublarında və futbolu həqiqətən önəmsəyən insanlarında gizlidir. Zəif tərəfi isə səbirsizlikdir. Bir sıra qərarlar emosional verilir, çox layihə üç oyundan sonra mühakimə olunur”.

O, Türkiyənin növbəti addımı atması üçün yalnız məşhur futbolçular almağın və stadion tikməyin kifayət etmədiyini, akademiyalara, məşqçiliyə, hakimliyə, maliyyə intizamına və qadın futboluna investisiyanın vacib olduğunu bildirib.

Qeyd edək ki, bu gün Bakı vaxtıyla saat 23:00-da UEFA Avropa Liqasının finalında "Aston Villa" (İngiltərə) və "Frayburq" (Almaniya) qarşı-qarşıya gələcək. Görüş İstanbulda, "Beşiktaş Park"da baş tutacaq.