Valverde sükutu pozdu: "Heç kim məni döyməyib"
Daha əvvəl xəbər verdiyimiz kimi, "Real"ın iki futbolçusu Orelyen Çuameni və Federiko Valverde arasında insident yaşanıb. İddiaya görə Çuameni uruqvaylı futbolçunu əvvəlcə məşqdə, daha sonra soyunub-geyinmə otağında vurub. Nəticədə Valverde xəstəxanaya yerləşdirilib. Ona tikişlər atılıb.
Apasport.az xəbər verir ki, Federiko Valverde məsələylə bağlı şəxsi sosial media hesabında paylaşım edib.
O, mətbuatda yazılan xəbərləri təkzib edib və Çuameninin onu vurmadığını bildirib:
"Dünən məşq zamanı bir komanda yoldaşımla insident yaşadım. Oyunlardan qaynaqlanan yorğunluq və məyusluq hər şeyi olduğundan daha böyük göstərdi. Bu kimi hadisələr soyunub-geyinmə otağında baş verə bilir və adətən ictimaiyyətə açıqlanmadan klub daxilində həll olunur. Məlum məsələdir ki, kimlərsə bu barədə şayiələr yayır və kuboksuz başa vurduğumuz mövsümdə Real Madrid təzyiqi altına salınır".
Valverde zədələnməsinə səbəb olaraq səhvən stola zərbə vurduğunu bildirib:
"Bu gün Çuameni ilə daha bir fikir ayrılığımız oldu. Mübahisə zamanı səhvən stola vurdum, nəticədə alnımda kiçik bir kəsik yarandı və xəstəxanaya yerləşdirildim. Komanda yoldaşım qətiyyən məni vurmayıb, mən də onu vurmamışam. Bunun dava və ya qəsdən olduğunu düşünmək daha inandırıcı gəlsə də, belə deyil. Vəziyyətlə bağlı əsəbim və mövsümün sonuna doğru bəzi oyunçuların çətinliklərlə üzləşməsi komanda yoldaşımla mübahisə etməyimə səbəb oldu”.
Qeyd edək ki, Valverdenin zədə səbəbindən 10-14 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

https://qelebe.az//uploads/photo/valverde-sukutu-pozdu-quothech-kim-meni-doymeyibquot.webp