Poqba 18 aylıq cəzadan sonra yaşıl meydanlara dönüb

Poqba 18 aylıq cəzadan sonra yaşıl meydanlara dönüb

“Monako”nun fransız yarımmüdafiəçisi Pol Poqba uzun fasilədən sonra ilk rəsmi matçına çıxıb.

Apasport.az xəbər verir ki, 32 yaşlı futbolçu Liqa 1-in 13-cü turunda “Renn”lə qarşılaşmanın (1:4) 85-ci dəqiqəsində oyuna daxil olub. Bu, Poqbanın 2023-cü ildən bəri keçirdiyi ilk rəsmi qarşılaşmadır. O, son oyununa 2023-cü il sentyabrın 3-də “Yuventus”un heyətində çıxmışdı.

Xatırladaq ki, iyun ayında “Monako” ilə müqavilə bağlayan dünya çempionu 2024-cü ilin fevralında antidopinq qaydalarını pozduğu üçün 4 il müddətinə futboldan uzaqlaşdırılmışdı. Daha sonra İdman Arbitraj Məhkəməsi (CAS) futbolçunun cəzasını 18 aya endirib.

Karyerası ərzində Poqba “Yuventus” və “Mançester Yunayted”də forma geyinib, 2017-ci ildə Avropa Liqasının qalibi olub. “Yuventus”la 4 dəfə A Seriyasının, 2 dəfə İtaliya kubokunun və 3 dəfə Superkubokun qalibi adını qazanıb. 2018-ci ildə Fransa millisinin heyətində dünya çempionu, 2016 Avropa çempionatında isə gümüş medal sahibi olub.