Nikolas Kanales: “Neftçi” karyeramın zirvəsi oldu”

Nikolas Kanales: “Neftçi” karyeramın zirvəsi oldu”

“Neftçi”nin sabiq futbolçusu Nikolas Kanales peşəkar karyerasına 2003-cü ildə ölkəsi Çilinin “Universidad de Çili” klubunda başlayıb.

Portuqaliya və Rumıniya kimi ölkələrdə qısa müddət çıxış edən keçmiş hücumçu 2012-ci ilin yayında Azərbaycan təmsilçisinin yolunu tutub.

“Neftçi” ilə 2012-2013 mövsümündə Premyer Liqanın qalibi olub, Azərbaycan Kubokunu qazanıb. Həmçinin, tarixində ilk dəfə avrokubokların qrup mərhələsində mübarizə aparan bakılıların uğuruna qolları ilə töhfə verib.

Rusiya və Qazaxıstanda da legioner həyatı yaşamış 37 yaşlı sabiq oyunçu 2014-2015 mövsündə yenidən “Neftçi”nin şərəfini qoruyub.

2018-ci ilin sonlarında karyerasını başa vuran Nikolas Kanales “QELEBE.AZ”un suallarını cavablandırıb.

- 2003-2018-ci illəri əhatə edən peşəkar karyeranızda bir çox klubda çıxış etmisiniz. Karyeranızdan razı qaldınız?
- Karyeramdan çox razıyam, çünki xoş anlarımın sayı-hesabı yoxdur. Çilidə “Universidad de Çili”, “Palestino”, “Kolo-Kolo” kimi böyük klublarda oynadım, bir matçda da olsa Çili yığmasının formasını geyindim. 2004-cü ildə “Universidad de Çili”nin heyətində ölkə çempionluğunu qazandım.

- Amma yeganə titulunuz bu olmayıb...
- Nəyi vurğuladığınızı bilirəm. “Neftçi” ilə qazandıqlarımı xüsusi qeyd etmək istədim. “Neftçi”nin qızıl dövrünün bir parçası oldum. 2012-2013 mövsümündə “Qızıl dubl” etdik - həm çempion olduq, həm də ölkə kubokunu qazandıq. Mənim üçün isə “Qızıl het-trik” də adlandırmaq olar. Çünki 26 qolla çempionatın bombardiri oldum. Ümumilikdə 6 il Avropada oynadım. Ən unudulmaz xatirələrim isə “Neftçi” ilə bağlıdır. “Neftçi”dəki 2012-2013 mövsümü karyeramın zirvəsi oldu.

- Futbolçular artıq 38-40 yaşlarına qədər oynaya bilirlər. Sizin 33 yaşınızda karyeranızı bitirməyinizə nə səbəb oldu?
- Düzdür, karyeramı davam etdirə bilərdim. Hətta Avropa klublarından təkliflər də almışdım. Amma ardıcıl zədələr formamı bərpa etməyimə imkan vermirdi. 2019-cu ilin əvvəlində mənimlə maraqlanan klublarla danışıq zamanı maliyyə məsələsində anlaşa bilmədik. Mən də futboldan getmək qərarına gəldim.

- Dediniz ki, karyeranızın zirvəsini “Neftçi”də yaşadınız. Bu dərəcədə gözləyirdiniz?
- Gözləməsəydim, təklifi qəbul etməzdim. “Neftçi”də ilk gündən çox isti münasibət gördüm. Özümü evimdəki kimi hiss etməyim üçün hər kəs əlindən gələni edirdi. Bütün əcnəbi oyunçulara qarşı çox mehriban davranırdılar. Buna görə də uyğunlaşma dövrünü tez keçirdim. Ümumiyyətlə, harada oynamışamsa, titul qazanmaq, bombardir olmaq istəmişəm. Bu, “Neftçi”də daha yaxşı alındı. Təbii ki, bunları təkbaşıma əldə etməmişəm. Həmin vaxt “Neftçi”nin heyəti çox güclü idi, əla futbolçuların əhatəsinə düşmüşdüm.

- “Neftçi”nin heyətində ən yaddaqalan qolunuz hansıdır?
- Vurduğum qolların arasında seçim etmək çətindir. Çünki bir neçə yaddaqalan qolum oldu. Yəqin ki, hamının ağlına ilk olaraq İtaliyada “İnter”lə oyunda vurduğum top düşür. Son dəqiqələrdəki həmin qol sayəsində “Cüzeppe Meatsa” kimi məşhur stadionda heç-heçə (2:2) etdik. “Qarabağ”a qarşı Tofiq Bəhramov adına stadionda cərimə meydançası kənarından vurduğum topu da unuda bilmirəm. Səhv eləmirəmsə, həmin görüşdəki qələbə sayəsində çempionluğu təmin elədik.

- “Neftçi”nin oyunlarını indi də izləyə bilirsiniz?
- Düzü, işlərimlə əlaqədar çox maraqlana bilmirəm. Həm də televiziyada Azərbaycan çempionatının matçlarını canlı vermirlər. Amma imkan düşdükcə internet vasitəsilə nəticələrə baxıram. Neçə ildir ki, “Qarabağ”ın daha uğurlu çıxış etdiyini görürəm. Bu, şəxsən mənə heç də xoş gəlmir. “Neftçi”ni daim zirvədə görməyi arzulayıram. Ümid edirəm ki, sevimli komandam yenidən layiq olduğu çempionluqları qazanacaq.

Futbol
FİFA Mahir Emrelini diskvalifikasiya edib

FİFA Mahir Emrelini diskvalifikasiya edib

Futbol
"Qarabağ" 9-cu dəfə qış çempionu olmaqla "Neftçi"yə çatıb

"Qarabağ" 9-cu dəfə qış çempionu olmaqla "Neftçi"yə çatıb

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Kim olduğumuzu göstərməyin vaxtıdır"

"Olimpiakos"un baş məşqçisi: "Kim olduğumuzu göstərməyin vaxtıdır"

Futbol
Mirbağır İsayev: "Heç kimi söyməmişəm, sadəcə, jest etmişəm"

Mirbağır İsayev: "Heç kimi söyməmişəm, sadəcə, jest etmişəm"

Futbol
FIFA Braziliya millisinin oyunundakı irqçiliyə görə araşdırmaya başlayıb

FIFA Braziliya millisinin oyunundakı irqçiliyə görə araşdırmaya başlayıb

Futbol
Sinişa Mixayloviç vəfat edib

Sinişa Mixayloviç vəfat edib

Futbol
Ötən ilin simvolik komandası açıqlanıb

Ötən ilin simvolik komandası açıqlanıb

Futbol
Kaka: "Ronaldo braziliyalılar üçün sadəcə, küçədə gəzən gombuldur"

Kaka: "Ronaldo braziliyalılar üçün sadəcə, küçədə gəzən gombuldur"

Futbol
Qurban Qurbanovdan etiraf: "Zəif oynadıq"

Qurban Qurbanovdan etiraf: "Zəif oynadıq"

Futbol
Uruqvay Cənubi Koreya ilə qolsuz bərabərə qalıb

Uruqvay Cənubi Koreya ilə qolsuz bərabərə qalıb

Futbol
Fariz Nəcəfov: "VAR sistemində boşluqların olmasını anlayışla qarşılayıram"

Fariz Nəcəfov: "VAR sistemində boşluqların olmasını anlayışla qarşılayıram"

Futbol
Konfrans Liqası: Türkiyəli futbolçu həftənin ən yaxşısı adına namizəd olub

Konfrans Liqası: Türkiyəli futbolçu həftənin ən yaxşısı adına namizəd olub