Qelebə.az / Şenol Güneş: "Azərbaycan bütün sahələrdə inkişaf edib"

Şenol Güneş: "Azərbaycan bütün sahələrdə inkişaf edib"

13-05-2023, 18:40

"Azərbaycana daha əvvəl milli komanda ilə də gəldik, gəzməyə də gəldik. 2000-ci illərlə müqayisədə ölkə həm iqtisadi, həm urbanizasiya, həm də digər amillər baxımından xeyli dəyişib".

Bunları "QELEBE.AZ"a müsahibəsində Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Şenol Güneş Bakıya səfəri barədə danışarkən deyib.

71 yaşlı mütəxəssis Azərbaycanın bütün sahələrdə inkişaf etdiyini söyləyib: "Bura hər dəfə gələndə hansısa yeniliyin şahidi oluram. İlk dəfə dənizkənarı parkda gəzdim. Əvvəlki səfərlərimlə bağlı ancaq yaxşı xatirələrim var. Sadəcə, Avropa çempionatı bizim üçün pis keçdi. Özümüzü burada yad hiss etmirik. Hamının dediyi kimi, iki dövlət, bir millətik. Hüzur tapdığım yeri fərqli dünya kimi görmürəm".

O bildirib ki, ölkə futbolunda da müsbət dinamika müşahidə olunur: "Bilirəm ki, burada Rasim Kara və Güvenç Kurtar kimi türkiyəli məşqçilər işləyib. Son vaxtlar klub futbolunda yaxşı uğurlarınız olub. Bir ara “Qarabağ”ın avrokuboklarda səs-küylü çıxışlarını izlədik. Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə keçirdiyi oyunu izləmək üçün Bakıya gəlmişdim. Matça pis başlamamışdılar, amma yekunda uduzmuşdular".

Ş.Güneş 2017-ci ildə yaranan “Sabah” klubunun da futbola yaxşı yatırım etdiyini vurğulayıb: "Keyfiyyətli futbolçuları var. Futbolun inkişafı üçün yüksək səviyyəli infrastruktur yaradılıb. Futbolçu da yetişdirə bilsə, daha fərqli komanda olacaq. Bu cür yenilikləri hər zaman müsbət qarşılayıram".

Geri qayıt