Qelebə.az / Azərbaycan derbisinin tarixi: 91-ci duel öncəsi “Qarabağ” “Neftçi”ni üstələyir - STATİSTİKA

Azərbaycan derbisinin tarixi: 91-ci duel öncəsi “Qarabağ” “Neftçi”ni üstələyir - STATİSTİKA

2-05-2023, 16:05

Azərbaycan Premyer Liqasında XXXII tura əzəli rəqiblər “Neftçi” ilə “Qarabağ” arasında bu gün keçiriləcək oyunla yekun vurulacaq.

“QELEBE.AZ”un məlumatına görə, müstəqillik illərində bütün çempionatların iştirakçısı olan komandalar çempionatda 91-ci dəfə üz-üzə gələcəklər.

31 matçda qalib müəyyənləşməyib

Mövsümün sonuna yaxın tərəflərin hədəfləri fərqli olduğundan, qarşılaşma elə də böyük ajiotaj doğurmur. Çünki liqaya liderlik edən “Qarabağ” çempionluq yarışında “ağ-qaralar”la deyil, “Sabah”la rəqabət aparır. Bakılıların isə mövsümü üçüncü pillədə başa vurmaları məsələsi rəsmiləşmək üzrədir. Çempionluq şansını çoxdan itirən Laurentsiu Regekampfın yetirmələri doğma azarkeşləri önündə qələbə qazana bilməsələr, sona 4 tur qalmış ikinci yerdən də əllərini üzəcəklər.

91-ci duel öncəsi “Qarabağ” rəqibi önündə ciddi üstünlüyə malikdir. Ağdamlılar indiyə qədər çempionat tarixində “Neftçi”ni 36 dəfə məğlubiyyətə uğradıblar. Paytaxt təmsilçisində qalibiyyət sayı 23-ə bərabərdir. Ancaq bunun biri texniki qələbə (2001-ci il) kimi qeydə alınıb. 31 qarşılaşma sülhlə nəticələnib. Top fərqində də “köhlən atlar” böyük fərqlə öndədirlər – 112:81.

Böyükhesablı qələbələr və məhsuldar oyun

Geridə qalan matçların 37-də “Qarabağ”, 25-də isə “Neftçi” qol vura bilməyib. Bu gün rəqibi ilə səfərdə üz-üzə gələcək bölgə təmsilçisi qonaq olduğu qarşılaşmaların 18-də qol sevinci yaşamayıb. “Neftçi” isə 16 ev matçında rəqib qapısına yol tapa bilməyib.

Azərbaycan derbisində “Neftçi”nin ən böyükhesablı qələbəsi 2000-ci ilə təsadüf edir. Bakılılar 23 il əvvəl səfərdə 4:0 hesabı ilə qalib gəliblər. 2020-ci ildəki matçda “Qarabağ” 6 cavabsız qolla diqqət çəkib ki, bu, ağdamlıların ən böyük fərqlə qələbə qazandığı oyun kimi tarixə düşüb. Üç il əvvəlki qarşılaşma, həmçinin, tərəflər arasındakı duellərdə ən çox qol vurulan görüşdür.

Ən çox rast gəlinən hesab

Komandaların matçlarında ən çox qeydə alınan hesab 0:0-dır (15 dəfə). 17 qarşılaşmada isə yalnız bir komanda 1 qol vuraraq (1:0 və ya 0:1) qalib gəlib.

Komandalar “Neftçi”nin meydanında 45-ci dəfə üz-üzə gələcəklər. “Ağ-qaralar” doğma arenada 13 (1-i texniki), “köhlən atlar” isə səfərdə 15 qalibiyyətə seviniblər. 16 görüşdə heç-heçə qeydə alınıb ki, bunun 10-da heç kim qol vura bilməyib. “Qarabağ” qonaq qismində çıxdığı matçlarda 52 qol vurubsa, özü 41 dəfə mərkəzə dəvət edilib.

Axır vaxtlardakı derbilərə gəlincə, “Neftçi” çempionatın son 7 matçında qələbə üzü görməyib. Bakılılar ardıcıl 6 məğlubiyyətin ardından cari mövsümün III dövrəsində rəqibindən 1 xal almağa (1:1) müvəffəq olublar. “Neftçi”nin “Qarabağ” üzərindəki son qalibiyyəti isə 2 il əvvələ - 2021-ci il mayın 19-na təsadüf edir. Həmin matçdakı 1:0 hesablı ev qələbəsi sayəsində “ağ-qaralar” Premyer Liqa çempionluğunu qazanıblar.

Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” qarşılaşması saat 20:00-da başlayacaq.

Geri qayıt