Qelebə.az / Turan Bayramov: "Gümüş medalı şəhid qardaşlarımıza həsr edirəm"

Turan Bayramov: "Gümüş medalı şəhid qardaşlarımıza həsr edirəm"

15-09-2022, 21:30

"Yarışa ciddi hazırlaşmışdım. Finaladək bütün görüşlərdə tam üstünlüklə qalib gəldim".

Bunu Çexiyanın paytaxtı Praqadakı gənclər arasında Avropa çempionatında gümüş medal qazanan Azərbaycan cüdoçusu Turan Bayramov "Report"un yarışa ezam olunmuş əməkdaşına açıqlamasında deyib.

60 kq çəki dərəcəsində fəxri kürsüyə qalxan idmançı finalda uduzduğu polşalı Ksaveri İqnasyaka fənd tətbiq etdiyini, lakin hakimlərin hansoku (diskvalifikasiya) qərarı verdiyini bildirib: "Bu səbəbdən gümüş medalla kifayətləndim. Fikrimcə, orada hansoku yox idi. Təmiz qələbə qazanmışdım".

Praqaya ikinci dəfə qitə çempionatının qızıl medalını qazanmaq üçün gəldiyini deyən Bayramov məyusluğunu gizlətməyib: "Amma qismət olmadı. İnanıram ki, böyüklər arasında Avropa çempionu olacağam. Gənclərdə sonuncu ilim idi".

O, 6 - 13 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatında iştirak etməyəcəyini söyləyib: "World Masters"də, gələn ildəki yarışlarda öz sözümü deyəcəyəm".

Cüdoçu medalı son günlər Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinə həsr etdiyini vurğulayıb: "Ruhları şad olsun. İstərdim ki, medalın əyarı qızıl olsun, bayrağımızı dalğalandırıb, himnimizi səsləndirim. Qismət belə imiş".

Geri qayıt