Qelebə.az / Yunanıstan Kuboku: Əliyar Ağayev 11 futbolçunu cəzalandırıb, qonaqların qolu ləğv edilib

Yunanıstan Kuboku: Əliyar Ağayev 11 futbolçunu cəzalandırıb, qonaqların qolu ləğv edilib

12-04-2023, 22:34

Azərbaycanın FIFA referisi Əliyar Ağayev "Olimpiakos" və AEK komandaları arasında Yunanıstan Kubokunun yarımfinal mərhələsinin təxirə salınmış cavab oyununu idarə edib.

"Report"un məlumatına görə, qarşılaşma Pirey təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1. Buna baxmayaraq, ilk matçda rəqibinə 0:3 hesabı ilə uduzan meydan sahibləri ölkə kubokunda mübarizəni dayandırıblar.

Ağayev görüş ərzində 11 futbolçuya sarı vərəqə göstərib. 36 yaşlı ədalət təmsilçisi "Olimpiakos"dan 6, AEK-dən isə 5 oyunçunu cəzalandırıb. Həmçinin, qonaq komandanın 70-ci dəqiqədə vurduğu qol VAR-a baxıldıqdan sonra ofsayd səbəbindən ləğv edilib.

Bundan başqa, azərbaycanlı baş hakim 27-ci dəqiqədə oyunu dayandıraraq, oruc tutan müsəlman futbolçuların iftarı açmalarına şərait yaradıb.

Geri qayıt