Mərakeş Kral Futbol Federasiyası 2025-ci il Afrika Millətlər Kubokunun finalı ilə bağlı İdman Arbitraj Məhkəməsinin (CAS) qərarı ilə razılaşmayıb.
QELEBE.AZ xəbər verir ki, qurum qərara etiraz etmək üçün bütün zəruri hüquqi prosedurlara başlayacağını açıqlayıb.
Federasiya işə baxılması ilə bağlı qaldırılan vəsatətlərin cavabsız qalmasından narazılığını bildirib.
Mərakeş tərəfi, həmçinin qərarın açıqlanmasından 48 saat əvvəl CAS arbitrlərindən biri ilə Seneqal Futbol Federasiyasının prezidenti arasında mümkün əlaqənin olmasından narahatlığını ifadə edib. Lakin həm arbitr, həm də Seneqal tərəfi bu iddianı təkzib edib.
Qeyd edək ki, CAS Afrika Futbol Konfederasiyasının (CAF) qərarını yekdilliklə ləğv edərək finalın nəticəsini – Seneqalın əlavə vaxtda qazandığı 1:0 hesablı qələbəni bərpa edib. CAF mart ayında seneqallı futbolçuların penalti qərarına etiraz olaraq meydanı tərk etməsi səbəbindən Mərakeşə 3:0 hesablı texniki qələbə vermişdi.