Qelebə.az / “Fənərbaxça”ya uduzan Arda Turan: “Liderik, amma...”

“Fənərbaxça”ya uduzan Arda Turan: “Liderik, amma...”

Bu gün, 02:48

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Fənərbaxça” səfərdə “Şaxtyor”u 1:0 hesabı ilə məğlub edib.

QELEBE.AZ xəbər verir ki, Ukrayna təmsilçisinin baş məşqçisi Arda Turan qarşılaşmadan sonra keçirilən mətbuat konfransında məğlubiyyətin səbəblərindən danışıb.

Türkiyəli mütəxəssis komandasının çoxsaylı top itkilərinə yol verdiyini və oyunun vacib məqamlarında düzgün qərarlar qəbul edə bilmədiyini bildirib:

“Fənərbaxça”nı təbrik edirəm. Qalib gəliblərsə, deməli, bizdən daha yaxşı iş görüblər. Yaxşı oynamadıq. Bu qədər top itkisi ilə uğur qazanmaq mümkün deyil. Bəzən futbolda belə hallar yaşanır. Məğlubiyyətdən dərs çıxaracaq və inkişaf etməyə davam edəcəyik”.

Arda Turan futbolçularının gənc olduğunu və Çempionlar Liqasında təcrübə qazanmağa ehtiyac duyduqlarını vurğulayıb:

“Oyundan əvvəl bunları danışanda məni həddindən artıq nikbin hesab edirlər. Halbuki mən sadəcə reallıqları və futbolçularımla yaşadıqlarımı deyirəm. Onların çoxu U-20 və U-21 yaş səviyyəsindədir. Öyrənməli olduqları çox şey var. Biz belə məğlubiyyətlərin öhdəsindən gələcək cəsarətə sahibik.

Əlimizdə gənc və potensiallı futbolçular var. Nəyə malik olduğumuzu bilirik. Buna görə də seçdiyimiz yoldan dönməyəcəyik”.

“Şaxtyor”un çalışdırıcısı Çempionlar Liqasındakı çətinliklərə də toxunub:

“Ukrayna çempionatında yaxşı çıxış edirik, liderik. Ancaq Çempionlar Liqası tamamilə fərqli səviyyədir. Ukraynada “Dinamo Kiyev”ə baxın, onlar heç Liqa mərhələsinə də yüksələ bilməyiblər. Burada mübarizə aparmaq çox çətindir.

Çempionlar Liqasında oynamağı öyrənmək lazımdır. Futbolçularım istedadlıdırmı? Bəli, çox istedadlıdırlar. Amma istedad futbolun yalnız bir hissəsidir. Bəzi məqamlarda gecikirik. Bu turnir bizim üçün həm gözəl təcrübədir, həm də ciddi dərsdir. Mən də məşqçi kimi bundan nəticə çıxarmalıyam”.

Arda Turan komandasının məğlubiyyətə baxmayaraq, mübarizəni davam etdirəcəyini söyləyib:

“Oyunun vacib anlarında düzgün qərarlar verə bilsəydik, bəlkə də xal qazanardıq. Ancaq belə oynamaqla qalib gəlmək mümkün deyil. Təslim olmayacağıq. Çox üzgünük. Məğlubiyyət futbolçu üçün cəhənnəmdir. Biz də bu çətinliyi yaşayacaq, sonra yenidən ayağa qalxacağıq”.

Türkiyəli mütəxəssis sonda “Fənərbaxça”nın baş məşqçisi Emre Belözoğlunu da təbrik edib:

“Emre müəllimə ürəkdən təbriklərimi çatdırıram. Onu səmimi qəlbdən qucaqlayıram. Qarşıdakı oyunlarda uğurlar arzulayıram”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda “Fənərbaxça” dekabrın 9-da Avstriyada LASK-ın qonağı olacaq. “Şaxtyor” isə həmin gün səfərdə Slovakiyanın “Slovan” klubu ilə qarşılaşacaq.

Geri qayıt