Qelebə.az / Emre Belözoğlu: "Fənərbaxça" buralara yaraşır"

Emre Belözoğlu: "Fənərbaxça" buralara yaraşır"

Bu gün, 03:13

“Fənərbaxça”nın baş məşqçisi Emre Belözoğlu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Şaxtyor” üzərində qazanılan 1:0 hesablı qələbəni dəyərləndirib.

Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışından razı qaldığını bildirib.

Belözoğlu bu qələbənin Çempionlar Liqasındakı hədəfləri baxımından əhəmiyyətini vurğulayıb:

“Bu gün Çempionlar Liqasındakı hədəfimizin nə qədər ciddi olduğunu göstərdiyimiz oyun oldu. Futbolçularımı və Londona gələn azarkeşlərimizi təbrik edirəm. Arda Turan qardaşım olduğu üçün demirəm, o, çox yaxşı baş məşqçidir. Qarşımızda güclü komanda var idi. Vacib qələbə qazandıq. Məşqçi heyətinə təşəkkür edirəm. ‘Fənərbaxça’ iştirak etdiyi bütün turnirlərdə iddialı olmalıdır. Bu səviyyədə mübarizə aparmaq klubumuza yaraşır”.

46 yaşlı mütəxəssis qarşılaşmanın gedişi barədə də danışıb:

“Futbolçularımız oyuna inamlı başladılar. ‘Şaxtyor’ illərdir eyni oyun üslubunda oynayan komandadır. İlk dəqiqədə müdafiə arxasına ötürülən top zamanı çətinlik yaşadıq. Ancaq qalan 89 dəqiqədə hazırladığımız planı tətbiq edərək qalib gəldik. Futbolçularımız taktiki tapşırıqları yerinə yetirərkən güzəştə getmədilər. Hamısına təşəkkür edirəm”.

Belözoğlu komandasının oyun fəlsəfəsinə də toxunub:

“‘Fənərbaxça’nın tarixində ön xətdə oynamaq, topu rəqib meydançasında saxlamaq hər zaman olub. Qazandığımız kubokların əksəriyyətinin arxasında bu oyun fəlsəfəsi dayanır. Ən böyük istəyim hücumun son üçdəbir hissəsində daha planlı oynamaq, rəqibi yüksək pressinqlə sıxışdıraraq topu geri qazanmaqdır. Futbolçularım bu sistemi tətbiq etməyə çalışırlar. Ancaq bunun üçün zamana ehtiyacımız var. Bugünkü qələbədə ən böyük pay onlara məxsusdur”.

Baş məşqçi heyət seçimlərinə görə səsləndirilən tənqidləri də cavablandırıb:

“Bir komandanı oyuna hazırlayarkən bir çox məqamı nəzərə alırıq. Məsələn, Vedat çərşənbə gecəsi milli komandada oynamışdı. Lukaku isə millidən daha əvvəl ayrılaraq bizimlə beş gün məşq etmişdi. Heç bir futbolçunu digərlərindən üstün tutmuruq. Hər birinə özünü xüsusi hiss etdirməliyik. Mənim vəzifəm onların ən yaxşı xüsusiyyətlərini üzə çıxarmaqdır. Bütün futbolçularımın fədakarlığını yüksək qiymətləndirirəm. Heyət seçimlərimiz müxtəlif amillərdən asılıdır. Bununla bağlı tənqidləri də anlayışla qarşılayıram”.

Belözoğlu Çempionlar Liqasındakı növbəti hədəflərini də açıqlayıb:

“Çempionlar Liqası matçına çıxmaq mənim üçün qürurdur. Ancaq bunu mənə ‘Fənərbaxça’ qazandırıb. Klubun mənə göstərdiyi etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. LASK-la səfər oyununda da məqsədimiz qələbə olacaq. İlk 24-lüyə düşmək real hədəfimizdir. Daha sonra qalib gəlməyə davam etsək, niyə də irəli getməyək? Bu, ‘Fənərbaxça’ya yaraşır”.

Türkiyəli mütəxəssis Londona gələn azarkeşlərin də qələbədə böyük rol oynadığını bildirib:

“Bizi öz meydanımızda hiss etdirən azarkeşlərimiz bugünkü qələbənin əsas memarlarıdır. Onlara inanmalı, futbolçularımızın yanında olduğumuzu göstərməliyik. Qarşıda bizi yeni oyunlar gözləyir. Sabahdan bazar günü keçiriləcək qarşılaşmaya hazırlaşmağa başlayacağıq”.

Qeyd edək ki, “Fənərbaxça” Çempionlar Liqasının VI turunda dekabrın 9-da Avstriyada LASK-ın qonağı olacaq. “Şaxtyor” isə həmin gün səfərdə “Slovan Bratislava” ilə qarşılaşacaq.

Geri qayıt