Türkiyəli futbolçu Emre Mor səhhətində yaranan problemlərə görə karyerasına müvəqqəti fasilə vermək qərarına gəlib.
QELEBE.AZ xəbər verir ki, bu barədə 29 yaşlı hücumçunun çıxış etdiyi Niderlandın NEK klubu rəsmi məlumat yayıb.
Bildirilib ki, futbolçu sağlamlığına diqqət ayırmaq üçün peşəkar futboldan bir müddət uzaqlaşacaq. Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
Emre Mor qərarını belə izah edib:
“Uşaqlıqdan bəri yeganə arzum peşəkar futbolçu olmaq idi. Bu arzumu həyata keçirmək mənim üçün çox şey ifadə edirdi. Son vaxtlar səhhətimlə bağlı müəyyən problemlər yaşayıram. Artıq bədənimin verdiyi siqnallara qulaq asmalı və sağlamlığımı hər şeydən üstün tutmalıyam. Buna görə də futbola müvəqqəti fasilə vermək kimi çətin qərar qəbul etdim. Futbola sevgim dəyişməyəcək. Gələcəkdə yenidən meydana qayıdacağıma ümid edirəm”.
Klubun texniki direktoru Karlos Aalbers də futbolçunun qərarına hörmətlə yanaşdıqlarını və ona dəstək olduqlarını bildirib.
Qeyd edək ki, Emre Mor bu ilin yayında NEK-ə keçib. O, Niderland təmsilçisinin heyətində 7 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyəli futbolçu karyerası ərzində “Borussiya Dortmund”, “Selta”, “Qalatasaray” və “Fənərbaxça” kimi klublarda da çıxış edib.