İspaniyanın “Barselona” klubunu UEFA Çempionlar Liqasında “Sabah”la keçiriləcək səfər oyununda çoxsaylı azarkeş dəstəkləyəcək.
Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəsmi saytının məlumatına görə, noyabrın 25-də baş tutacaq qarşılaşma üçün Azərbaycana 474 azarkeş gələcək.
Onlardan 268-i klubun rəsmi üzvləri, 206-sı isə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 41 azarkeş birliyinin təmsilçiləridir.
“Barselona”nın Bakıdakı rəsmi azarkeş birliyi – “Penya Barselonista Baku” qonaqların qarşılanmasını təşkil edəcək. 2017-ci ildə rəsmi status alan birliyin 400-dən çox üzvü var. Bu, klubun Azərbaycandakı yeganə rəsmi azarkeş birliyidir.
Bundan başqa, Bağdad və Təl-Əvivdəki azarkeş birliklərindən ümumilikdə 18 nəfər, Paris və Poznandakı birliklərdən isə təxminən 10 nəfər komandaya dəstək olmaq üçün Bakıya gələcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunun “Sabah” – “Barselona” qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq.