Qelebə.az / Cahangir Seyyed Abbasi U-16 voleybol millisinin Avropa çempionatındakı çıxışını dəyərləndirdi

Cahangir Seyyed Abbasi U-16 voleybol millisinin Avropa çempionatındakı çıxışını dəyərləndirdi

Bu gün, 09:45

16 yaşadək oğlanlardan ibarət Azərbaycan voleybol millisinin baş məşqçisi Cahangir Seyyed Abbasi Avropa çempionatının birinci təsnifat mərhələsində komandanın çıxışını dəyərləndirib.

Apasport.az xəbər verir ki, mütəxəssis bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

“Avropa çempionatının birinci təsnifat mərhələsində ilk oyunumuz ev sahibi Latviya millisinə qarşı oldu. Görüşə yaxşı başlamışdıq, amma birinci setin ortalarında əsas voleybolçularımızdan birinin zədələnməsi komandaya mənfi təsir göstərdi və müəyyən ruh düşkünlüyü yaratdı. Həm bu matçda, həm də növbəti oyunda məğlub olduq.

Sonuncu qarşılaşmamızda isə Ukrayna seçməsi ilə üz-üzə gəldik. Bu görüşün bizim üçün nə qədər vacib olduğunu bütün komanda yaxşı anlayırdı. Sevindirici haldır ki, həmin matçda hər bir voleybolçumuz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Kollektivimiz baxımlı oyun nümayiş etdirdi, bütün tapşırıqları düzgün icra etdi. Açığı, 3:0 hesablı belə inamlı qələbə qazanacağımızı gözləmirdik. Bu qarşılaşma idmançılarımıza düzgün və intizamlı oyunun hansı nəticələr verə biləcəyini də göstərdi.

Düşünürəm ki, ilk matçda voleybolçumuz zədələnməsəydi, digər görüşlərdə də daha yaxşı nəticələr əldə edə bilərdik. Buna baxmayaraq, komandamızın çıxışından razı qaldım. Əlbəttə, istəyimiz bu yarışda bütün oyunlarda qalib gəlmək idi. Lakin burada mübarizə aparan kollektivlərin hər birinin uşaq voleybolunda böyük təcrübəyə malik olduğunu bilirdik.

Bununla belə, biz də üzərimizdə işləməyə davam edəcəyik. İnanıram ki, qarşıdakı turnirlərdə bu təcrübədən düzgün dərs çıxararaq daha yaxşı çıxış edəcək və uğurlu nəticələr qazanacağıq. Hər zaman komandamıza dəstək olan və bizə inanan AVF rəhbərliyinə, məşqçi və həkim heyətinə, eləcə də azarkeşlərə təşəkkür edirəm”.

Qeyd edək ki, noyabrın 19-22-də Latviyanın paytaxtı Riqada keçirilən turnirin B qrupunda yer alan Azərbaycan millisi ev sahibi Latviyaya 0:3, Finlandiyaya isə 1:3 hesabı ilə uduzub. Yığma beşinci yer uğrunda görüşdə Ukraynanı 3:0 hesabı ilə məğlub edib.

Geri qayıt