Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının ikinci günündə Azərbaycanın üç idmançısı tatamiyə çıxacaq.
Apasport.az xəbər verir ki, təmsilçilərimiz iki çəki dərəcəsində mübarizə aparacaqlar.
Qızların yarışında 63 kq çəki dərəcəsində Hanna Zaytseva 1/16 finalda gürcüstanlı Mariam Natelauri ilə qarşılaşacaq.
Oğlanların mübarizəsində isə 81 kq-da Mehdi Abbasov 1/32 finalda italiyalı Edoardo Mikele Russo, Cəsur İbadlı isə küveytli Anas Buqammazla üz-üzə gələcək.
Təsnifat görüşləri Bakı vaxtı ilə saat 07:30-da, final bloku isə 16:00-da başlayacaq. Yarışlar “Judo TV”də canlı yayımlanacaq.
Qeyd edək ki, mundialın ilk yarış günündə Məhəmməd Musayev (66 kq) bürünc medal qazanıb.