Xankəndi şəhər stadionunda Azərbaycan I Liqasının VIII turu çərçivəsində keçirilən “Xankəndi” – “Karvan-Yevlax” qarşılaşması başa çatıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, görüş Yevlax təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın ilk hissəsi qolsuz heç-heçə ilə başa çatıb. İkinci hissədə isə qonaqlar rəqib qapısından iki cavabsız top keçirərək üç xal qazanıblar.
Qeyd edək ki, qarşılaşma əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xankəndi şəhər stadionunda keçirilən ilk rəsmi futbol oyunu olub. Matçı iki minə yaxın azarkeş izləyib.
***
16.19
Xankəndi şəhər stadionunda Azərbaycan I Liqasının VIII turu çərçivəsində “Xankəndi” – “Karvan-Yevlax” matçı keçirilir.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, görüşü stadiondan iki minə yaxın azarkeş izləyir.
Oyunda Azərbaycanın gənclər və idman naziri, Peşəkar Futbol Liqasının (PFL) rəsmiləri, digər rəsmi şəxslər və futbol ictimaiyyətinin nümayəndələri də iştirak edirlər.
Qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimovdur. Ona yan xətt hakimləri Sənan Atayev və Vüqar Bayramov, dördüncü hakim isə Nazim Abdullayev kömək edir.
Qeyd edək ki, bu, əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xankəndi şəhər stadionunda keçirilən ilk rəsmi futbol oyunudur.