Türkiyə Futbol Federasiyası (TFF) ölkə çempionatlarında yeni sistemin tətbiqinə qərar verib.
QELEBE.AZ xəbər verir ki, federasiyanın İdarə Heyətinin qərarına əsasən, Super Liqada XII, I Liqada isə XV turdan etibarən bütün oyunlarda çoxsaylı top sistemi tətbiq olunacaq.
Yeni qaydaya əsasən, topdaşıyanlar artıq topları birbaşa futbolçulara ötürə bilməyəcəklər. Onların vəzifəsi topları meydanın kənarında əvvəlcədən müəyyənləşdirilmiş xüsusi məntəqələrə yerləşdirmək olacaq. Meydanın kənarında 12 xüsusi top məntəqəsi yerləşdiriləcək.
Futbolçular oyun dayandıqda topu həmin məntəqələrdən özləri götürəcəklər.
Qeyd edək ki, bu sistem UEFA turnirlərində və Avropanın aparıcı futbol çempionatlarında da tətbiq olunur.