Misli Premyer Liqasının XI turunda "Zirə" "Qəbələ"ni qəbul edib - 2:1.
Apasport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Yeton Bekirinin mətbuat konfransı keçirilib.
"Oyunun böyük hissəsi bizim üçün yaxşı keçdi. Son 20 dəqiqədə fiziki baxımdan çatdıra bilmədik. 89-cu dəqiqədə qol buraxmaq istənilən məşqçini pis hiss etdirir. Qolu vuran futbolçunun yanında 5 oyunçumuz var idi. Ona mane ola bilmədilər. Amma bu, futboldur, belə şeylər olur".
- Hücum xəttində yer alan futbolçular son məqamda düzgün qərar verə bilmirlər. Bunun səbəbi nədir?
- Hücumda çatışmazlıqların olması ilə razıyam. Qolları elə də asanlıqla vurmuruq. Nələrisə dəyişmək üçün zamanımız var.
- Eşqin Əhmədov ilk dəfə milli komandaya dəvət aldı. Onun milliyə çağırılmasında sizin nə qədər payınız var?
- Eşqini təbrik edirəm. O, keyfiyyətli futbolçudur. Uzun zamandır bu klubda çıxış edir. Onun bu səviyyəyə gəlib çatmasında bir çox məşqçinin rolu olub.