Qelebə.az / Namik Ələskərov: “Baş məşqçimiz mənə güvənir”

Namik Ələskərov: “Baş məşqçimiz mənə güvənir”

Bu gün, 11:39

“Kəpəz”in yarımmüdafiəçisi Namik Ələskərov “Apasport”a müsahibə verib.

- “İmişli” ilə matçdan qalib ayrıldınız. Oyunla bağlı fikirlərin necədir?
- Həqiqətən bizim üçün çox çətin oyun oldu. Matça ciddi hazırlaşmışdıq. Məğlubiyyətsiz oyunlar seriyamız var idi, onu davam etdirmək istəyirdik. Bu gün oyunumuz yaxşı alındı. İstədiyimizi meydanda yerinə yetirməyi bacardıq. Şükürlər olsun ki, sonda qələbə qazandıq.

- Möhtəşəm bir qola atdın. Topa yaxınlaşarkən qol olacağına inamın var idi? 
- Əlbəttə, fikrimdə topu birbaşa qapıya vurmaq var idi. Bu, bəzən alınır, bəzən alınmır. Bu dəfə alındı. Sevinirəm ki, belə qola imza atdım.

- Karyeranda müəyyən bir müddət durğunluq dövrü yaşandı. “Kəpəz”də özünü yenidən tapdığını demək olar?
- Xeyli müddət idi ki, oynamırdım. Oyun tempinə tam düşə bilmirdim. Burada baş məşqçimiz mənə güvənir, daim oynayıram. Çalışıram ki, komandama kömək edim. Bundan sonra da çalışacam ki, daha yaxşı formaya düşüm.

- Komandanın ən təcrübəli futbolçularından birisən. Bu komandanın bundan da artığına potensialı var?
- Məncə, potensialımız var. Yaxşı komandaya sahibik. Uğurlu çıxışı davam etdiririk. Əsas bunu davam etdirməkdir. Daha da artıra bilərik.

- Sizi qarşıda iki ağır oyun gözləyir. “Neftçi” və “Qarabağ”la matçlarda şanslarınızı necə dəyərləndirirsən?
- “Neftçi” və “Qarabağ”ın gücü hamıya bəllidir. Onlar çempionatın ən güclü komandalarındandırlar. Təbii ki, biz də meydana məğlub olmağa çıxmayacağıq. Meydanda əlimizdən gələni edəcəyik.

- Keçmiş komandana qarşı oynamaq sənin üçün xüsusi əhəmiyyət daşıyır?
- Yox, xüsusi bir əhəmiyyət daşımır. Hazırda “Kəpəz”in futbolçusuyam. Komandamla birlikdə növbəti oyunlara hazırlaşıram. “Kəpəz”ə daha çox faydamın dəyməsini istəyirəm.

Geri qayıt