Misli Premyer Liqasının VII turunda "Qarabağ" "İmişli"ni məğlub edib - 2:0.
QELEBE.AZ xəbər verir ki, matçdan sonra Aran təmsilçisinin baş məşqçisi Fərid Namazovun mətbuat konfransı keçirilib.
"Qarabağ"ı qələbə münasibəti ilə təbrik edirəm. Matçın gərgin keçəcəyini bilirdik. "Qarabağ"ın bu mövsüm avrokubokların əsas mərhələsindən kənarda qalmasından sonra bütün oyunlara tam heyətlə çıxırdılar. Əvvəllər avrokuboklarda oynayanda, həftəiçi rotasiyalara gedirdilər. Biz də ona uyğun hazırlaşmışdıq. Təxminlərimiz var idi ki, hansı oyunçular oynayacaqdı. Biz də ciddi hazırlaşmışdıq. Birinci hissədə daha yaxşı müdafiə olunub, əks-hücumda rəqibi tutmaq istəyirdik. Bir neçə epizodumuz oldu. Topa sahib olaraq, daha əmin oynamaq istəyirdik. İkinci hissə "Qarabağ"ın üstünlüyü ilə keçdi. Rəqibə boş zona verməmək istəyirdik. Ani diqqətsizlikdən qol buraxdıq. Ondan sonra da qol epizodlarımız var idi. Sonuncu epizoda gəldikdə, qoldan öncə epizod korner idi. Epizoda baxdıq, top "Qarabağ"ın futbolçusuna dəyərək kornerə çıxmışdı. Futbolçularım pis oynamadı, onlara təşəkkür edirəm. Bu şəkildə konsentrasiya ilə oynayıb, cəmi iki epizodda diqqətsizlik etmək yaxşı deyil. Amma ümumi götürəndə, uşaqlardan razıyam. Pis oyun keçirmədik. Növbəti həftə oynayacağımız "Turan Tovuz" matçına daha yaxşı hazırlaşaq".
- Görüşün sonlarına yaxın Bəxtiyar Həsənalızadənin aqressiv davranışları var idi. Bu emosionallıq nə ilə bağlı idi?
- Bəxtiyar təbiətən çox sakit və təmkinli insandır, onu istər məşqdə, istərsə də həyatda əsəbi görə bilməzsiniz. Sadəcə, görüşün son dəqiqələrində rəqibin güclü təzyiqi və 0:1 geridə olduğumuz anlarda hesabı bərabərləşdirmək istəyi futbolçuda belə emosional vəziyyətə salır. Bəxtiyar sakit insandır. Kiçik detallar belə bəzən oyunçunu gərginləşdirə bilir. Futbol emosiyalar oyunudur, ona görə də bu halı normal qarşılayıram. Əlbəttə ki, lazımsız vərəqələrin almağın tərəfdarı deyilik. Özləri ilə də bu barədə söhbət aparılır. Bunları normal qarşılayıram.