Qelebə.az / Ayxan Abbasov: “Biz bunları heç orada bəhanə etmədik”

Ayxan Abbasov: “Biz bunları heç orada bəhanə etmədik”

Bu gün, 20:29

Azərbaycan millisi UEFA Millətlər Liqasının D liqasının 3-cü turunda Litvanı məğlub edib - 1:0.

QELEBE.AZ xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Ayxan Abbasov görüşlə bağlı fikirlərini bildirib:

"Bilirdik ki, dörd oyunun hamısı çətin olacaq. Buna hazırlaşmışdıq. Əsas odur ki, ciddi zədəmiz olmadı və heç bir matçda uduzmadıq. Lixtenşteynlə görüşdən sonra çətin idi. Bəlkə də o oyunda qalib gəlib, bu matçda uduzsaydıq, qələbənin əhəmiyyəti itə bilərdi. Bərabərlik bizi çox üzmüşdü. Futbolçularda inamsızlıq görünürdü. Sevindim ki, üç gün ərzində futbolçular toparlandı, özlərinə inandılar. Rəqib də bura möhkəm gəlmişdi. Güclər bərabər idi. Bu gün meydançada çox hadisələr oldu. Gənc futbolçular ilk dəfə oynadılar, təcrübəlilər daha da yaxşı çıxış etdilər. Komanda uduzmaq istəmirdi, xarakter göstərdi. Bu da çoxdandır ki, yox idi. İnanıram ki, noyabrdakı iki rəsmi matçı məğlub olmadan, qalib gələrək, bu ili başa vurarıq".

- Bədavi Hüseynov 35 yaşı olmasına baxmayaraq, sona qədər mübarizə apardı. Mahir Emreli son saniyəyə kimi müdafiəyə kömək edirdi. Bəs, Vüsal İsgəndərli nə etmək istəyirdi?
- 
Həqiqətən çətindir. Məşqçi üçün böyük təcrübə, böyük roldur. İnanın hərdən öz-özümə fikirləşirəm ki, başqa cür olmuşam. Mənim üçün əsas meydançada patriot olmaqdır. Bədavi Hüseynov hər iki matçda da çox yaxşı çıxış etdi. Nə qədər də yaxşı hallar olsa, çatışmayan cəhətlərimiz var...İkinci qolu vura bilərdik. İlk dəfə millidə başlayanda, futbolçulara deyirdim ki, cərimə meydançasına çata bilmirik. Son matçlarda cərimə meydançasının içində top itiririk. Vaxt lazımdır. Bəlkə də bu gün həyəcana görə səhvlər oldu. Yaxşı olar.

- Rəqibin baş məşqçisi bildirdi ki, VAR bütün qərarları Azərbaycanın xeyrinə verdi... 
- Birinci oyunda 100 faiz deyirəm, litvalı futbolçu birinci Emil Səfərovun ayağını tapdalamışdı. VAR müdaxilə etməmişdi. Bəlkə də penalti olmasaydı, biz orada qalib gələcəkdik. Biz bunları heç orada bəhanə etmədik. Olur da, baş məşqçidir, oyundan sonra nəsə deməlidir. Mən də hərdən deyirəm. 

- Oruc Məmmədovu start heyətində meydana buraxmağınız gözlənilməz oldu və bir az fərqli mövqedə oynadı. Bu nəyə hesablanmışdı?
- 
“Şamaxı”da Orucu bu mövqedə sınamışam. Bir çox oyunlarda oynayıb. Bilirdim ki, oynaya bilər. Biz məşqçilər heyət qurmaqda çox fikirləşdik. Dünən gecə qərar verə bilmirdik. Yorğunluq var idi, hər kəs oynamaq istəyirdi. Renat Dadaşov bu gün ağrılarla oynadı, amma dedi ki, kömək etmək istəyirəm. Kömək də etdi. Orucu qazandıq. Bilirəm ki, risk idi. Bəlkə də uduzsaydıq, suallar olacaqdı ki, “belə ağır oyunda Oruca nəyə görə güvəndiz?”. Amma biz məşqçilər də risk etməli, güvənməliyik. Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar? Rüfət Abbasov, Oruc Məmmədov, digərləri...Yavaş-yavaş qazanırıq.

- Lixtenşteyn matçından sonra demişdiz ki, müqaviləniz qışa qədərdir. Qrup birinciliyi və bu qələbə millidəki gələcəyinizə nə dərəcədə təsir edəcək?
- 
Vallah o barədə fikirləşmirəm. Bu turnir bitməlidir. Ondan sonra hansı qərar olacaqsa, razılaşacağıq. Millidə bir oyunda baş məşqçi olmaq da mənim üçün şərəfdir. Sağ olsunlar mənə güvəndilər. Ağır yük, ağır yol idi. Hər dəfə bu söhbət olur, özüm üçün də yaxşı deyil, bunu təkrarlamaq. Fransa millisi ilə oyunqabağı söhbətləri xatırlayırsız da...Həmin ərəfədə rəhbərlik inandı. Onda da U-21 yığmasında çalışırdım. Bu barədə hansısa problem olmayacaq. Müqavilə bitdikdən sonra artırılmasa da, mənim üçün şərəf olacaq ki, Azərbaycan millisində çalışdım.

- Bu gün qazanılan qələbədən sonra Lixtenşteynlə görüşdə xal itirən yığmanı bağışlamaq olar?
- 
Futbolçulara da dedim ki, biz Lixtenşteyni udmağa məcbur idik. Futbolda olur da. Epizod olmasaydı, sönük olsaydılar, oyuna ciddi yanaşmasaydılar, başqa cür danışardım. Həyəcanlı idik...Çox istədik..Qəza idi...Belə oyunlar olur. Biz də özümüzdən güclü komandalarla bərabərə qalmışıq. Mənim üçün bu oyun vacib idi. Həqiqətən gördüm ki, komanda olaraq məsuliyyəti dərk etdik. Millidən qələbə istəyirlər. Az da olsa, azarkeşlərimizi sevindirdik.

Geri qayıt