Qelebə.az / Aron Sele: BƏZİ OYUNÇULARIMIZ TƏLƏBƏDİR

Aron Sele: BƏZİ OYUNÇULARIMIZ TƏLƏBƏDİR

Bu gün, 12:01

Lixtenşteyn millisinin futbolçusu Aron Sele Azərbaycan yığması ilə oyundan sonra “Apasport”a müsahibə verib.

– Oyunla bağlı təəssüratlarınız necədir?
– Düşünürəm ki, çətin oyun oldu. Qapımızı toxunulmaz saxlamaq üçün əlimizdən gələn hər şeyi etdik. Meydanda bütün gücümüzü ortaya qoyduq və sonda bir xal qazandıq.

– Bu, Lixtenşteyn millisinin son 18 oyununda ilk heç-heçəsidir. Bununla bağlı nə deyə bilərsiniz?
– Açığı, bunun 18 oyun olduğunu bilmirdim. Belə uzun müddətdən sonra buna nail olmaq bizim üçün daha da xoşdur.

– Azərbaycan millisinin oyununu necə qiymətləndirirsiniz?
– Azərbaycan güclü komandadır. Keyfiyyətli və yaxşı futbolçuları var. Amma yekunda meydanda 11 futbolçu 11 futbolçuya qarşı oynayır. Ümumilikdə, Azərbaycan yaxşı komandadır.

– Rəqibin heyətindən konkret olaraq hansısa futbolçunu fərqləndirə bilərsiniz?
– Konkret bir futbolçunun adını çəkməzdim. Amma yaxşı komandadır.

– Bu heç-heçədən sonra baş məşqçiniz sizə nə dedi?
– Bizi təbrik etdi. Bu oyun üçün çox çalışdıq. Komandamızda zədəli futbolçular var, bəzi oyunçularımız isə tələbədir. Bütün bunları birlikdə idarə etməyə çalışırıq. Buna görə də bu nəticə bizim üçün böyük əhəmiyyət daşıyır.

– Qrupdakı əsas hədəfiniz nədir?
– Düşünürəm ki, oyun-oyun irəliləməliyik. Hər matçda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Əlbəttə, hər oyunda qalib gəlmək istəyirik. Amma eyni zamanda hazırda hansı səviyyədə olduğumuzu da nəzərə almalıyıq.

– Oyundan əvvəl Azərbaycandan xal ala biləcəyinizə inanırdınız?
– Bəli, əlbəttə. Əks halda meydana çıxmağın mənası olmazdı.

– Azərbaycan klublarını tanıyırsınız? “Qarabağ”, “Neftçi”, “Sabah”...
– Bəli, tanıyıram. Azərbaycan klubları Çempionlar Liqasında da çıxış edirlər. Mən də Çempionlar Liqasını izləyirəm. Buna görə Azərbaycan futbolu haqqında müəyyən məlumatım var.

– Bu matçdan əvvəl Azərbaycan millisinin futbolçularından kimisə tanıyırdınız?
– Adlarını konkret bilmirdim. Amma Çempionlar Liqasının oyunlarına baxarkən azərbaycanlı futbolçuları da görmüşdüm.

– “Sabah”ın bu mövsüm baş tutan oyunlarını izləmisiniz?
– Xeyr, heç vaxt izləməmişəm.

Qeyd edək ki, Azərbaycan – Lixtenşteyn qarşılaşması 0:0 hesabı ilə başa çatıb.

Geri qayıt