Qelebə.az / “Bir anda 32 il əvvələ qayıtdım” – Bəxtiyar Musayevdən “Fənərbaxça” xatirələri

“Bir anda 32 il əvvələ qayıtdım” – Bəxtiyar Musayevdən “Fənərbaxça” xatirələri

Bu gün, 10:42

"Turan Tovuz" milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə yoxlama matçı keçirəcək.

Təmsilçimiz oktyabrın 3-də Türkiyənin "Fənərbaxça" klubu ilə qarşılaşacaq. Bu, komandalar arasındakı ilk oyun deyil. Tərəflər daha əvvəl 1994-cü ildə UEFA Kubokunun təsnifat mərhələsində də qarşılaşıblar. 

Həmin matçın iştirakçılarından olan Bəxtiyar Musayev 32 il əvvəlki xatirələrini "Apasport"la bölüşüb:

– 1994-cü ildə “Turan”ın “Fənərbaxça” ilə qarşılaşmasını xatırlayırsınız? Həmin oyunla bağlı yaddaşınızda ən çox hansı məqam qalıb və o vaxt “Fənərbaxça” kimi böyük klubla oynamaq komandada hansı hissləri yaradırdı?

– 1994-cü ildə “Turan”a yenicə dəvət almışdım. Həmin vaxt “Neftçi”də oynayırdım və çempionat başa çatdıqdan sonra “Turan”a keçmişdim. Azərbaycan klubu ilk dəfə belə yüksək səviyyəli turnirdə iştirak edirdi. Bu, bizim üçün böyük hadisə idi. Həmin oyunun iştirakçısı olmağım da çox sevindirici hal idi. Komandaya təxminən bir ay əvvəl qoşulmuşdum.

Ən önəmli məqamlardan biri də o idi ki, bizə yaxın, doğma və qardaş ölkənin komandası ilə qarşılaşırdıq. İstanbula bir qədər tez getmişdik və yadımdadır ki, hazırlıq prosesimizi də orada keçirmişdik. Hətta “Qalatasaray”la “Fənərbaxça” arasındakı oyunu canlı izləmişdik ki, onların necə oynadığı barədə daha çox məlumatımız olsun.

Belə böyük klubla qarşılaşmaq, əlbəttə, bizdə həyəcan hissi yaradırdı. Həmin vaxt “Fənərbaxça”nın da çox güclü heyəti var idi. Təəssüf ki, böyük hesabla məğlub olduq. Buna baxmayaraq, həmin oyunu həmişə xoş xatirə kimi xatırlayıram.

– 32 il sonra “Turan Tovuz”la “Fənərbaxça”nın yenidən, bu dəfə Bakıda qarşılaşacağını eşidəndə hansı hissləri keçirdiniz? Sizcə, bu iki oyunu bir-birindən fərqləndirən əsas məqamlar nələrdir?

– Bu yaxınlarda “Turan”la “Fənərbaxça”nın yoldaşlıq oyunu keçirəcəyini eşidəndə bir anda həmin illərə, o xatirələrə qayıtdım. Düşünürəm ki, bu komandaların yenidən qarşılaşması çox maraqlı olacaq. Ümid edirəm ki, oyun hər iki komanda üçün faydalı keçəcək.

“Turan” üçün belə böyük kluba qarşı oynamaq böyük təcrübədir. Həmçinin azarkeşlərimiz üçün də maraqlı qarşılaşma olacaq. Çünki “Fənərbaxça”nın Azərbaycanda çoxlu azarkeşi var. Bu xəbəri eşidəndə məndə də çox xoş təəssürat yarandı.

– İndiki “Turan Tovuz”u və “Fənərbaxça”nı necə qiymətləndirirsiniz? Təmsilçimiz üçün belə bir qarşılaşmanın əhəmiyyəti nədir?

– Hər bir klubumuzun top komandalarla yoldaşlıq oyunu keçirməsi böyük təcrübədir. “Fənərbaxça” da Avropada sayılıb-seçilən klublardan biridir. Ümid edirəm ki, bu qarşılaşma “Turan” üçün böyük təcrübə olacaq.

Yaxşı komandaya qarşı keçirildikdə hər bir yoldaşlıq oyunu klubun inkişafına təkan verə bilər. Bu baxımdan belə böyük klublarla qarşılaşmalar təcrübə baxımından çox böyük əhəmiyyət daşıyır.

– Son olaraq, “Fənərbaxça”ya qarşı meydana çıxmış futbolçu kimi bugünkü “Turan Tovuz”un oyunçularına nə məsləhət verərdiniz?

– “Turan”ın futbolçularına xüsusi məsləhətdənsə, uğurlar arzulamağım daha yaxşı olar. Hər halda oyun planı haqda məsləhət və tapşırıqları komandanın baş məşqçisi oyunçulara çatdıracaq.

Mən sadəcə uğurlar arzulamaq istəyirəm. Ən əsası öz klubumuza, “Turan”a uğurlar arzulayıram. Hər iki komandanın iştirakı ilə gözəl oyun keçirilsin və azarkeşlərimiz xoş təəssüratla ayrılsınlar.

Əsas odur ki, yoldaşlıq görüşü heç bir zədə olmadan, xoş xatirələrlə başa çatsın və hər iki komanda üçün faydalı olsun.

Geri qayıt