İspaniya millisinin futbolçusu Lamin Yamal UEFA Millətlər Liqasında Xorvatiya üzərində qazanılan 4:1 hesablı qələbədən sonra maraqlı açıqlamalar verib.
QELEBE.AZ xəbər verir ki, 19 yaşlı futbolçu qarşılaşmada 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniya bununla məğlubiyyətsiz oyunlar seriyasını 40-a çatdırıb.
Yamal son bir ayda forması ilə bağlı səslənən tənqidlərə münasibət bildirib:
“Bir ay əvvəl hamınız pis vəziyyətdə olduğumu, mənə nə baş verdiyini bilmədiyinizi deyirdiniz. İndi sakitəm və bundan zövq alıram. Amma bilirəm ki, istənilən an yenidən bir ay əvvəl dediklərinizi deməyə başlayacaqsınız”.
“Barselona”nın ulduzu hazırda karyerasının ən xoşbəxt dövrlərindən birini yaşadığını da qeyd edib. “Qızıl top”la bağlı suala isə belə cavab verib:
“Mən səs vermirəm, kimin qalib gəldiyini də bilmirəm. Gözləmək və oynamağa davam etmək lazımdır. Mən yalnız bu ‘Qızıl top’ üçün oynamıram. Özüm, azarkeşlər və ölkəm üçün oynayıram”.
Yamal Xorvatiyaya vurduğu ilk qoldan da danışıb. O, rəqib qapıçı Dominik Livakoviçi məşqlərdən yaxşı tanıdığını və zərbə zamanı onun reaksiyasını nəzərə aldığını bildirib.
İspaniyalı futbolçu komandanın yanaşmasını da xüsusi vurğulayıb: “Hər oyuna tam köklənmiş çıxmalıyıq. Baş məşqçi də bunu bizdən istəyir, öz aramızda da daim bu barədə danışırıq. Qələbəyə görə çox xoşbəxtəm”.
Qeyd edək ki, Lamin Yamal Millətlər Liqasının ötən turunda İngiltərə ilə görüşdə (3:2) də qol vurmuşdu.