Futbol üzrə Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq matçı çərçivəsində Bakıda Tacikistanı məğlub edib - 1:0.
Oyundan sonra yığmamızın hücumçusu Vüsal İsgəndərli "apasport"un suallarını cavablandırıb:
"Oyunla bağlı onu deyə bilərəm ki, biz bir az gec yığışdıq. Elə oyunçu var ki, ayın 19-u, 20-si, 21-i gəldi. Komanda olaraq hazırlaşmağa vaxtımız az oldu. Düzdür, bu bəhanələrin arxasına sığınmırıq, amma şükürlər olsun ki, qələbə qazandıq. Bu da önəmli idi. İndi Millətlər Liqası başlayır. Turnirdən əvvəl yoldaşlıq oyununda qələbə qazanmaq vacib idi. İnşallah, bunun davamını gətirmək istəyirik".
- Kosovo çempionatında yaxşı göstəricilərin var, hettrik də etmisən. İndiki çıxışınla "Partizani"dəki dövrünü necə müqayisə edərdin?
- "Partizani"də 38 oyunun hamısında əsas heyətdə meydançaya çıxmışdım. Kosovoda da eyni qaydada. Təlim-məşq toplanışına gec qoşulduğum üçün yalnız ilk matçda sonradan oyuna girdim, qalan qarşılaşmalarda yenə ilk 11-də yer alıram. Ötən mövsüm də komandanın ən çox qol vuranı mən idim, indi də. Əlimdən gələni edib, Albaniyada olduğu kimi, burada da istər şəxsi, istərsə də klub olaraq yeni nailiyyətlər əldə etmək istəyirəm.
- Millətlər Liqasından gözləntilərin nədir?
- İstər futbolçular, istər rəhbərlik, istərsə də məşqçilər korpusu olaraq uğurlu olacağımıza inanırıq. Əlimizdən gələni edəcəyik. İndi çətin səfərə gedirik, oradan ən azı xalla qayıtmaq niyyətindəyik. Azarkeşlərimizə də səslənirəm ki, stadionlara gəlib bizə dəstək olsunlar. Onların dəstəyi bizim üçün çox vacibdir.
- Bu oyundan sonra Millətlər Liqasının ilk matçına qədər 3 gün vaxt var. Bərpa olunmaq üçün bu müddət yetərlidir?
- Geniş heyətimiz var. Bəhanələrin arxasına sığınmaq düzgün deyil, çünki rəqiblər də sıx qrafiklə oynayır. Baş məşqçimiz hamıya güvənir. Bu gün gənclərə də şans verildi. Bizim də borcumuz cavanlara dəstək olmaqdır. Milli komanda olaraq bu yükün altından çıxmalı, ölkəmizi sevindirməliyik.
- Tacikistanla oyunda qol imkanları çox olsa da, dəyərləndirilmədi. Səbəbi nədir?
- Təkcə bu oyun yox, Malta və San-Marino ilə matçlarda da çox epizodlarımız var idi. Biz də istəyirik ki, qol vuraq, amma bəzən alınmır. Əsas odur ki, bu epizodlara girə bilirik. Qələbə qazananda o imkanlar yaddan çıxır, amma uduzanda insanı incidir. İnanıram ki, gələcəkdə bu epizodlar qolla nəticələnəcək.
- Klubla milli komandadakı ab-hava fərqlidir. Bu, meydançada bir-birini anlamağa mane olmur?
- Çox düzgün vurğuladınız, klubla milli arasında böyük fərq var. Klubda həftələrlə birgə məşq edib oyuna çıxırsan, burada isə 2-3 gündən bir oyunlar olur. Amma milli futbolçusansa, klubda oynadığının iki qatını millidə nümayiş etdirməlisən. Çünki məhz buna görə yığmaya dəvət alırsan.
- Bu qələbə Millətlər Liqası matçları öncəsi psixoloji üstünlük verəcək?
- Məncə bəli, bu qələbə bizə lazım idi. Yoldaşlıq və ya rəsmi matç olmasından asılı olmayaraq, milli formanı geyinirsənsə, Azərbaycanı təmsil edirsənsə, hər qələbə önəmlidir. Biz bu formanın qədrini bilməliyik. Əlimizdən gələni edib milli olaraq qələbələri sıralamalıyıq.