Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən veteran cüdoçular arasında dünya çempionatında Azərbaycan komandası daha 2 qızıl medal əldə edib.
QELEBE.AZ xəbər verir ki, M5 yaş kateqoriyasında Babək Hacıyev (-60 kq) və Mövlud Mirəliyev (-100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq dünya çempionu olublar. Hər iki cüdoçu veteranlar arasında dünya çempionatında karyerasında 4-cü dəfə qızıl medal qazanıb.
Bundan əvvəl Məmmədəli Mehdiyev (-100 kq) qızıl, Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq), Coşqun Abdullayev (-90 kq), Şıxrəcəb Şıxmuradov və Əhməd Məmmədov (hər ikisi -73 kq), Anar Ağayev (-90 kq) isə bürünc medal əldə edib.
Beləliklə, Azərbaycanın mundialdakı medal sayı 9-a çatıb. Yığmanın hesabında 3 qızıl və 6 bürünc medal var. Milli komanda 65 ölkə arasında 6-cı pillədə qərarlaşıb.