Qelebə.az / Avropa çempionatında uğurlu gün – Daha 3 boksçumuz 1/4 finalda

Avropa çempionatında uğurlu gün – Daha 3 boksçumuz 1/4 finalda

Bu gün, 11:29

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha üç üzvü 1/4 finala yüksəlib.

Apasport.az xəbər verir ki, Sübhan Mamedov (50 kq), Malik Həsənov (65 kq) və Məhəmməd Abdullayev (+90 kq) növbəti mərhələyə vəsiqə qazanıblar.

Dünya çempionu Sübhan Mamedov 1/8 finalda Albaniya təmsilçisi Emanuel Koçanı 5:0 hesabı ilə məğlub edib. O, yarımfinala gedən yolda macarıstanlı İştvan Szaka ilə üz-üzə gələcək.

Malik Həsənov isə bolqarıstanlı Rumen Rumenovu ilk raundda tam üstünlüklə mübarizədən kənarlaşdırıb. Avropa çempionatının mükafatçısının 1/4 finaldakı rəqibi ukraynalı Elvin Əliyev olacaq.

Yarışa 1/8 finaldan başlayan Məhəmməd Abdullayev də uğurlu çıxış edib. Dünya Kubokunun qalibi moldovalı Nikolay Burdiujanı üçüncü raundda tam üstünlüklə məğlub edib. Abdullayev növbəti mərhələdə norveçli Omar Şiha ilə qarşılaşacaq.

Hər üç 1/4 final görüşü sentyabrın 22-də keçiriləcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycan millisinin iki boksçusu da 1/4 finala vəsiqə qazanıb. Beləliklə, yığmamızın dörddəbir finaldakı təmsilçilərinin sayı 5-ə çatıb. Avropa çempionatına sentyabrın 25-də yekun vurulacaq.

Geri qayıt