Misli Premyer Liqasının VI turunda “Neftçi” səfərdə “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edib.
Oyundan sonra “Neftçi”nin müdafiəçisi Endryu Qravilyon “Apasport”a müsahibə verib.
– Böyükhesablı qələbə qazandınız. Matçı necə dəyərləndirirsən?
– Bizim üçün çox yaxşı oyun oldu. Ardıcıl üçüncü qələbəmizi qazandıq. İndi üç xal əldə etmişik və bunu qoruyub davam etdirməliyik. Qarşıdakı beş gün ərzində dincəlməliyik. Daha sonra geri qayıdaraq səhvlərimizi nəzərdən keçirib növbəti oyuna hazırlaşmalıyıq. Düşünürəm ki, çox yaxşı oyun keçirdik və növbəti qarşılaşmaya hazırlaşmaq üçün kifayət qədər vaxtımız olacaq.
– Bugünkü qələbənin “Neftçi” üçün əhəmiyyəti nədir? Bu, komandanın Azərbaycan çempionatlarında 1000-ci matçı idi…
– Düşünürəm ki, bu, klub, onun tarixi, burada uzun illər çalışan insanlar və onların ailələri üçün çox yaxşı qələbədir. “Neftçi” Azərbaycanın böyük klubudur və çox yaxşı tarixə malikdir. Bu gün qazandığımız qələbənin hər kəs üçün çox vacib olduğunu düşünürəm.
- “Sabah”la oyununuz təxirə salına bilər… Bu barədə nə düşünürsən?
– Hazırda öz komandamıza və gördüyümüz işə fokuslanmalıyıq. “Sabah” “Sabah”dır, “Neftçi” isə “Neftçi”. İndi gördüyümüz işi davam etdirməliyik. Bu, hər kəs üçün çox yaxşıdır.
– Son oyunlarda heyətdə daha çox çıxış edirsən. Demək olar ki, adaptasiya prosesin başa çatıb?
– Bu futboldur. Komandada 20-25 futbolçu var və hər kəs oynamalıdır. İndi mənim şansım gəlib və bu şansı qorumaq əsas işimdir.