Azərbaycan gimnastları 2027-ci il iyunun 16-27-də Türkiyənin İstanbul şəhərində keçiriləcək IV Avropa Oyunlarına bir neçə növdə iştirak hüququ əldə ediblər.
QELEBE.AZ xəbər verir ki, aprelin 8-dən start götürən təsnifat yarışlarında Azərbaycan idmançıları müxtəlif beynəlxalq turnirlərdə uğurlu çıxışlarla yadda qalıblar.
Aprelin 8-12-də Portuqaliyanın Portimao şəhərində keçirilən Avropa çempionatında Selcan Mahsudova və Maqsud Mahsudov fərdi proqramda, Maqsud Mahsudov və Hüseyn Abbasov isə sinxron proqramda IV Avropa Oyunlarına lisenziya qazanıblar.
Sentyabrın 11-13-də İspaniyanın Pamplona şəhərində təşkil olunan aerobika gimnastikası üzrə dünya çempionatında isə qarışıq cütlüklər proqramında çıxış edən Mədinə Mustafayeva və Vladimir Dolmatov İstanbulda keçiriləcək yarışda iştirak hüququ əldə ediblər.
Qeyd edək ki, 2026-cı ildə keçiriləcək akrobatika gimnastikası və tamblinq üzrə dünya çempionatları, həmçinin 2027-ci ildə baş tutacaq idman gimnastikası və bədii gimnastika üzrə Avropa çempionatları IV Avropa Oyunlarına lisenziya qazandıran təsnifat yarışlarıdır.